Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatına maraq göstərirlər

  • Oxunub 1311 dəfə

 Çin İctimai Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanqhonq AMEA İqtisadiyyat İnstitutuna məktubla müraciət edərək, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin ölçülməsi və optimallıq həddinin müəyyənləşdirilməsi sahəsində Azərbaycan iqtisadçılarının apardığı tədqiqatların böyük maraq doğurduğunu bildirmiş və alınmış nəticələrlə daha yaxından tanış olmaq üçün görüş və seminarların keçirilməsini təklif etmişdir.

 AMEA İqtisadiyyat İnstitutu belə tədqiqatları 2014-cü ildən başlayaraq aparır. İnstitutun təklif etdiyi İnteqral indeks ilk mərhələdə Şərqi Avropa və Mərkəzi Asiya regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır. Alınmış nəticələri və onların interpretasiyasını əks etdirən elmi əsərlər təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dərc edilmişdir. Bu nəticələrlə İnstitutun internet saytında (www.economics.com.az) tanış olmaq mümkündür.

 Hazırda 2015-ci ilin statistik göstəriciləri əsasında 62 ölkə üçün İnteqral İndekslərin hesablanması başa çatdırılmışdır və yaxın günlərdə elmi ictimaiyyətə tədqim ediləcəkdir.

 Xatırladaq ki, bu il mayın 26-da AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanda səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Qonaqların nümayəndə heyətində həmçinin ÇİEA-nın beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Van Ley, ÇİEA İqtisadiyyat İnstitutunun direktoru Pei Çanqhonq, ÇİEA Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunçyuan və ÇİEA-nın beynəlxalq əməkdaşlıq idarəsində şöbə müdiri Çzin Çje təmsil olunmuşdular. Həmin gün AMEA Rəyasət Heyətində ÇİEA ilə AMEA arasında elmi əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşıq müqaviləsi imzalanmışdır.

 Qeyd edək ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası (ÇİEA) arasında elmi əlaqələrin daha da genişləndirilməsi üzrə AMEA-nın 6 institutunun, o cümlədən İqtisadiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın da daxil olduğu birgə İşçi Qrup yaradılıb (economics.com.az).