“Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika”
- Oxunub 1182 dəfə
Professor Tofiq Hüseynovun kitabının təqdimat mərasimi keçirildi
İyunun 16-da AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) kitab haqqında məlumat verdi, onun əsas məziyyətlərindən, müəllifin apardığı çoxillik tədqiqatlar əsasında dəyərli bir əsər ortaya qoymasından söz açdı.
Sonra digər çıxış edənlər – i.e.d. İrşad Kərimli, f.e.n. Mayis Gülalıyev, i.f.d. Xosrov Kərimov, i.e.d., professorlar İbad Abbasov, Rauf Cəbiyev, İsa Alıyev, Sahbaz Muradov, Təbriz Əliyev kitabın aktual bir mövzuya həsr edilməsindən, monoqrafiyanın elmi ictimaiyyət, tələbələr, magistrlər, doktorantlar, tədqiqatçılar üçün faydalı ola biləcəyindən, müəllifin apardığı tədqiqatların əhəmiyyətindən danışdılar. Xüsusən də Azərbaycanın milli iqtisadi inkişaf modeli ətrafında geniş və maraqlı elmi müzakirələr aparıldı.
Qeyd olundu ki, monoqrafiyanın orijinallığı ondan ibarətdir ki, əsərdə inkişafın industrial mərhələsində Azərbaycanda formalaşmış iqtisadi inkişaf modeli elmi cəhətdən təhlil edilmiş, onun xüsusiyyətləri göstərilmiş, əldə edilən iqtisadi nailiyyətlərə obyektiv qiymət verilmiş, yeni mərhələdə milli iqtisadi modelin konsepsiyası əsaslandırılmış, uzunmüddətli davamlı və tarazlı iqtisadi inkişafın əsas istiqamətləri göstərilmiş, iqtisadi modelin idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi barədə dəyərli təkliflər verilmişdir. 5 fəsildən və 45 paraqrafdan ibarət 460 səhifəlik monoqrafiyanın birinci fəsli milli iqtisadi inkişaf modelinin elmi mahiyyətinə, Azərbaycanın, eləcə də inkişaf etmiş və inkişaf edən 16 ölkənin müasir iqtisadi inkişaf modellərinə həsr edilmişdir.
Sonda söz alan və çıxışlara münasibət bildirən kitabın müəllifi, professor Tofiq Hüseynovun qənaəti ondan ibarətdir ki, müstəqillik illərində formalaşan iqtisadi inkişaf modeli nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının artımı təmin olunmuş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Aparılan iqtisadi siyasət ölkədə konservativ monetar meyilli açıq tipli liberal-demokratik və sosialyönümlü modelin formalaşmasına gətirib çıxarmışdır (economics.com.az).