Elmi Seminarda iki İran vətəndaşının dissertasiya işi müzakirə edildi
- Oxunub 1679 dəfə
İyulun 12-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi
AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
İlk əvvəl AMEA İqtisadiyyat İnstitutunun dissertantı, İran vətəndaşı Nader Hasannejad Heydər oğlu “İran İslam Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda (“Ümumi iqtisadiyyat” və “Dünya iqtisadiyyatı” ixtisasları üzrə) dissertasiya işi (elmi rəhbər i.f.d., dos. Rəsmiyyə Abdullayeva) haqda məlumat verdi. O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., professor Ramiz İsgəndərov və i.f.d. Samirə Ağayeva təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı Nader Hasannejad seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda Nader Hasannejadın dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi.
Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun daha bir dissertantı, İran vətəndaşı Şahin Mohəmmədpour Əsgər oğlu “İran İslam Respublikasının sənaye sektorunda innovasiya fəallığının artırılması istiqamətləri” mövzusunda (“Sahə ixtisası” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.f.d., dos. Allahyar Muradov). O tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.
Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d. İlham Aslanzadə və i.f.d. Kamran Abdullayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Şahin Mohəmmədpour suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).