Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

IV-cü Rusiya-Azərbaycan Gənclər Forumu

  • Oxunub 1451 dəfə

 Gənclərin qatıldığı tədbirdə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Rüfət Efendiyev də iştirak edib

 22-25 sentyabr 2016-cı ildə Tatarıstanın paytaxtı Kazan şəhərində 18-35 yaş arasında Rusiya və Azərbaycanın gənclər və tələbə təşkilatlarının nümayəndələrini, ictimai və siyasi xadimləri özündə birləşdirən «Yeni nəsil: sərhədsiz məsuliyyət» IV-cü Rusiya-Azərbaycan Gənclər Forumu keçirilmişdir. Hər bir iştirakçı ölkədən, iki ölkə gənclərinin əməkdaşlığı və mədəniyyətlərarası dialoqda maraqlı olan 20 nəfər forumun işində iştirak etmişdir.

 Görüş zamanı iştirakçılar profillər üzrə qruplarda işləmiş, ölkələr arasında dialoqun möhkəmlənməsi və inkişaf etdirilməsi üzrə strateji ideyalar işləyib hazırlamışlar. Cəmi üç seksiya nəzərdə tutulmuşdur: «Gənclər - iqtisadiyyat üçün, iqtisadiyyat - gənclər üçün», «Sülh gənclərin əllərindədir» və «Ənənələri qorumaqla gələcəyimizi quraq».

 Birinci paneli ekspert qismində AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Rüfət Efendiyev və Tatarıstan Respublikasının ixrac üzrə inkişaf mərkəzinin direktoru Ulyana İqorevna, moderator qismində isə dünya iqtisadiyyatı kafedrasının dosenti, dünya jurnalistikası fakultəsinin dekan müavini Nigar Məsumova və digər şəxslər təmsil edib. Panelin mövzusu - "İqtisadiyyat gənclər üçün - gənclər iqtisadiyyat üçün" olub. Burada müzakirələr zamanı iştirakçılar aşağıdakı tədbirlərin keçirilməsini təklif ediblər: sosial-iqtisadi sahədə birgə layihələrin əlaqələndirilməsini gücləndirmək; hər iki ölkədə fəaliyyət göstərən şirkətlərlə məlumat və təqdimat turlarını işləyib hazırlamaq; biznes mühitinin inkişafının stimullaşdırılmasına, gənc və uğurlu sahibkarların cəlb edilməsi və sahibkarlıq fabriklərinin, biznes-zavodların, investisiya və vençur yarmarkalarının, işgüzar oyunların təşkil edilməsinə istiqamətlənmiş müxtəlif növ dövlətlərarası tədbirlər təşkil etmək, daimi işgüzar görüşlər keçirmək.

 Tədbirin təşkilatçıları kimi Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi, Gənclərlə iş üzrə Federal Agentlik, Tatarstan Respublikasının İdman və Gənclərlə iş üzrə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası» çıxış etmişdir. Forumun işinin son günündə nümayəndələr tərəfindən qətnamə qəbul edilmişdir. Nümayəndə heyətlərinin üzvlərinin də qeyd etdiyi kimi, IV-cü Rusiya-Azərbaycan Gənclər Forumu Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsi yolunda daha bir real praktiki töhvə vermişdir (economics.com.az).