“İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında turizmin rolunun artırılması yolları”
- Oxunub 1798 dəfə
19.11.2016
İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında bu mövzuda dissertasiya işi müdafiə edildi
Noyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda Leyli Əli qızı Allahverdiyevanın 53.12.01 - “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında turizmin rolunun artırılması yolları” mövzusunda (elmi rəhbər i.e.d., prof. İ.H.Alıyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Leyli Allahverdiyeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., professor Rüfət Qasımov və i.f.d. Flora Ələsgərova mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutudur. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı L.Allahverdiyeva opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda L.Allahverdiyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Leyli Əli qızı Allahverdiyeva: “İqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında turizmin rolunun artırılması yolları” (yüklə)