Dünya Bankının baş iqtisadçısı ilə görüş
- Oxunub 1226 dəfə
“Sahəvi diversifikasiya və iqtisadi inkişaf” mövzusunda elmi sessiya
18 iyun 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda “Sahəvi diversifikasiya və iqtisadi inkişaf” mövzusunda elmi sessiya keçirilmişdir. Tədbirdə Dünya Bankının baş iqtisadçısı Mona Prasad “İqtisadi diversifikasiya və inkişaf” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə iqtisadiyyatın sahəvi diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən siyasətin nəticələrinə həsr edilmişdir. Sahəvi diversifikasiya ilə iqtisadi inkişaf indikatorlarını (ilk növbədə adambaşına ÜDM və gəlir göstəricilərini) müxtəlif ölkələr üzrə müqayisə edən xanım M.Prasad diversifikasiyanın iqtisadi inkişaf üçün zəruri şərt olmadığını, bəzi hallarda isə hətta ona mənfi təsir göstərdiyini əsaslandırmağa çalışmışdır. Onun fikrincə, üzünmüddətli perspektiv baxımından insan kapitalının, fiziki infrastrukturun və intitusional mühitin inkişafı diversifikasiyaya nisbətən daha vacibdir.
Bu fikirlər sessiya iştirakçılarının ciddi marağına, bəzənsə etirazına səbəb olmuşdur. Tədbirə qatılmış Azərbaycan iqtisadçılarının bir çoxunun mülahizəsinə görə, insan kapitalının inkişafını diversifikasiyaya qarşı qoymaq, xüsusilə də bunları bir-birini inkar edən inkişaf istiqamətləri kimi səciyyələndirmək yanlışdır və iqtisadi qərarları qəbul edən dövlət qurumlarına qeyri-dəqiq tövsiyyələr verilməsi ilə nəticələnə bilər.
Elmi sessiyada Mərkəzi Bankın, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qafqazın Strateji Tədqiqatları İnstitutunun, Azərbaycan Kooperasiya Universitetinin, AMEA Elmi İnnovasiyalar Mərkəzinın, Bakı Biznes Universitetinin, Azərbaycan Universitetinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, İqtisadiyyat və Sənaye Nazirliyi nəzdindəki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəhbər işçiləri və əməkdaşları iştirak etmişdir.
AMEA İqtisadiyyat İnstitutu həm beynəlxalq maliyyə institutları ilə, həm də ölkəmizin aparıcı sosial-iqtisadi tədqiqat mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verir və bu qurumlarla yaradıcılıq əlaqələrini yaxın gələcəkdə daha da genişləndirmək əzmindədir (economics.com.az)