Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Yeni saytımız fəaliyyətə başlayır

  • Oxunub 1971 dəfə

Əziz oxucular!

    AMEA İqtisadiyyat İnstitutunun yeni saytı - economics.com.az fəaliyyətə başlayır.

       Bu, institutumuzun elmi fəaliyyəti, yerli və beynəlxalq əlaqələrimizin genişləndirilməsi, apardığımız elmi tədqiqatların ictimayyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətli və vacib hadisədir. Müasir qloballaşan dünyada həyatımızın bütün sahələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi prosesi daha da genişlənir. Azərbaycanda iqtisad elminin inkişafında müasir İKT-dən istifadə olunması və aparılan tədqiqatların onun vasitəsilə içtimailəşdirilməsi üçün də yaxşı imkanlar yaranıb. Hesab edirik ki, həmin imkanlardan daha səmərəli istifadə etməklə biz də iqtisad elminin, bütövlükdə iqtisadiyyatımızın inkişafına öz töhfələrimizi verə bilərik.

    Yaxın gələcəkdə AMEA İqtisadiyyat İnstitutunun strateji hədəfləri Azərbaycanda fundamental iqtisadi tədqiqatların mərkəzinə, Azərbaycan iqtisad elminin mərkəzi institutuna, Azərbaycan hökumətinin kollegial ekspertinə və məsləhətçisinə çevrilməsidir. Biz - economics.com.az-ın kollektivi olaraq həmin böyük əmək tələb edən çətin missiyanın mahiyyətini başa düşməklə yanaşı bu işdə öz üzərimizə düşən vəzifələrimizi və məsuliyyətimizi də çox yaxşı anlayırıq.

   economics.com.az saytı AMEA İqtisadiyyat İnstitutunun keçmiş amea-iqtisadiyyat.org saytının varisidir. Vaxtilə həmin saytın yaradılmasında rolu olan bütün əməkdaşlarımızın, xüsusən də “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin müdiri, i.e.d., professor İsa Alıyevin və i.f.d., dos. İlkin Soltanlının əməyini minnətdarlıqla qeyd etmək istərdik.

   Yeni saytımız müasir standartlar əsasında yaradılıb və fəaliyyət göstərəcək. Xüsusi olaraq qeyd etmək istərdik ki, institutumuzun bütün əməkdaşlarından saytımızla fəal əməkdaşlıq gözləyirik. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, Sizlərin elmi yaradıcılığını geniş işıqlandıraq, ölkəmizdə və dünyada tanıdaq. Yaradıcı heyətimiz qarşılıqlı ünsiyyətə və əməkdaşlığa həmişə açıqdır, hər bir təklif və tövsiyyələrinizi məmuniyyətlə dinləməyə, müzakirə etməyə hazırıq. Sizin köməyinizlə saytımızın informasiya bazasını daim yeniləşdirməyə, zənginləşdirməyə və təkmilləşdirməyə çalışacağıq...

 

Baş redaktor
Mahir Zeynalov, iqtisad üzrə fəlsəfə doktoru

 

 

 Redaktorlar

 

Samirə Cəfərova 

 

 

 

 

 

Fatma Fərəcova