Elmi Seminarda iki dissertasiya işinin müzakirəsi keçirildi 20.12.2017
- Oxunub 1064 dəfə
Dekabrın 20-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.
İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Kazımov Fail Mail oğlu “Milli gəlirin bölgüsündə fiskal siyasətdən istifadə problemləri” mövzusunda dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər i.e.d., prof. İrşad Kərimli). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.
İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Məhiş Əhmədov və i.f.d. Yaşar Məmmədov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildiriblər. İddiaçı F.Kazımov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminar üzvləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu.
Seminarın ikinci hissəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Abdullayeva Bəyaz Namiq qızı “Neftkimya sənayesində daxili auditin yaradılması yolları” mövzusunda dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər prof. Vahid Novruzov). Tədqiqat işinin aktuallığını, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.
Sonra iş üzrə təyin olunmuş rəyçilər – prof. Mübariz Bağırov və i.f.d. Yaşar Məmmədov əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı B.Abdullayeva suallara cavab verdi, qeyd olunan iradları nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).