Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki doktorantın dissertasiya işləri müzakirə olundu

  • Oxunub 1237 dəfə

 Yanvarın 16-da AMEA İqtisadiyyat İnstitutunda 2018-ci ilin ilk Elmi Seminarı keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

  İlk olaraq AR İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Bəhruz Natiq oğlu Əhmədov “Azərbaycan iqtisadiyyatının makromaliyyə sabitliyinin qıymətləndirilməsi” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.e.d., prof. Nazim Müzəffərli). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Mübariz Bağırov və i.f.d. Asif Mustafayev təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı B.Əhmədov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Dissertasiya işini tamamlanmış tədqiqat əsəri kimi qiymətləndirən seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini də səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində AR İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Yahya Sənan Hacıağa oğlu “İqtisadiyyatın dövlət tənzimlənməsində marketinqin rolu” mövzusunda (“Ümumi iqtisadiyyat” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d. Fuad Qənbərov, i.f.d. Samirə Abasova). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Məhiş Əhmədov və i.f.d. Asif Mustafayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər, dissertasiya işinin adı ilə məzmununun uyğun gəlmədiyi qeyd olundu, işin adının aşağıdakı redaksiyada verilməsi qərara alındı: "Azərbaycanda marketinq fəaliyyətinin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi". 

İddiaçı Yahya Sənan suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi ciddi iradların nəzərə alınması və düzəlişlər aparılması şərti ilə açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).