Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işləri müzakirə edildi

  • Oxunub 983 dəfə

 Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib

  Yanvarın 31-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Nicat Yaşar oğlu Abbasov “Aqrar sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsinin istiqamətləri” mövzusunda (“Sahə iqtisadiyyatı” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.e.d., prof. İsa Alıyev). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İlham Aslanzadə və i.f.d. Yunis Hüseynov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı N.Abbasov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması, düzəlişlərin rəyçilərlə razılaşdırılmaq şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun dissertantı Aslanova İlhamə Eybulla qızı “Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində makroiqtisadi tarazlığın təmin edilməsi yolları” mövzusunda (“İqtisadi nəzəriyyə” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər i.e.d., prof. Gülşən Yüzbaşıyeva, i.f.d., dos. Asif Mustafayev). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. İrşad Kərimli və i.f.d. Seyfəddin Səməndərov əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı İ.Aslanova suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda açıq səsvermə yolu ilə seminar üzvlərinin, seminarın sədrinin, rəyçilərin və elmi rəhbərin də daxil olduğu işçi qrup yaradıldı. İrad və təkliflərin nəzərə alınması, düzəlişlərin aparılması ilə bağlı iddiaçının məruzəsi əsasında işçi qrup dissertasiya işinin növbəti mərhələyə buraxılması və ya seminarda təkrar müzakirəsinin keçirilməsi barədə qərar verəcək (economics.com.az).