Elmi Seminarda doktorluq işi müzakirə edildi
- Oxunub 1468 dəfə
İyunun 23-də AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.
AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda Rövşən Şahbaz oğlu Muradovun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında əmək potensialının formalaşması və istifadəsinin sosial-iqtisadi və demoqrafik problemləri” mövzusunda dissertasiya işinin (5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə) müzakirəsi aparıldı. İddiaçı barədə məlumat verən Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova bildirdi ki, i.f.d. R.Muradov AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisidir.
Sonra iddiaçı Rövşən Muradov dissertasiya işinin əsas məzmunu ətrafında çıxış etdi. O, işin aktuallığını, problemin öyrənilmə səviyyəsini, tədqiqatın məqsəd və vəzifələrini, işin əsas elmi yeniliklərini qeyd etdi, dissertasiyanın nəzəri və təcrübəvi əhəmiyyətini əsaslandırmaqla yanaşı nəticə və təklifləri səsləndirdi.
İş üzrə təyin olunmuş rəyçilər - i.e.d., professor Fərhad Rəhimov, i.e.d., professor İrşad Kərimli və i.e.d., professor Kamil Şahbazov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini də bildirdilər. İddiaçı R.Muradov seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirməklə bir sıra iradlarla razılaşdığını və növbəti mərhələyədək onları nəzərə alacağını vurğuladı.
Seminarda çıxış edənlər – iqtisad elmləri doktorları Ramiz İsgəndərov, Arif Hüseynov, Atiq Kərimov, Amil Məhərrəmov, Mübariz Bağırov, Əli Nuriyev, iqtisad üzrə fəlsəfə doktorları Aqil Əsədov, Asif Mustafayev də tədqiqat işinin aktuallığını, müvafiq tələblərə uyğun səviyyədə yerinə yetirildiyini vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, fikirlərini ifadə etdilər. Sonda seminar üzvlərinin açıq səsverməsi yolu ilə dissertasiya işi növbəti - müdafiyə mərhələsinə tövsiyyə edildi (economics.com.az).