“İnvestisiya resurslarından səmərəli istifadə edilməsi problemləri”
- Oxunub 1437 dəfə
İyunun 30-da AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi.
AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin sədrliyi ilə keçirilən seminarda Elnur Etibar oğlu Qafarlının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İnvestisiya resurslarından səmərəli istifadə edilməsi problemləri (“Bakıelektrikşəbəkə” ASC-nin timsalında)” mövzusunda dissertasiya işinin (5312.01-“Sahə iqtisadiyyatı” ixtisası üzrə) müzakirəsi aparıldı. İddiaçı barədə məlumat verən Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova bildirdi ki, E.Qafarlı Azərbaycan Kooperasiya Universitetinin dissertantıdır, elmi rəhbəri i.e.d., professor Ə.İ.Bayramovdur.
Sonra iddiaçı E.Qafarlı dissertasiya işinin əsas məzmunu ətrafında çıxış etdi. O, işin aktuallığını, problemin öyrənilmə səviyyəsini, tədqiqatın məqsəd və vəzifələrini, işin əsas elmi yeniliklərini qeyd etdi, dissertasiyanın nəzəri və təcrübəvi əhəmiyyətini əsaslandırmaqla yanaşı nəticə və təklifləri səsləndirdi.
İş üzrə təyin olunmuş rəyçilər - i.e.d., professor Rəna Sultanova və i.f.d. Fuad Qənbərov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İddiaçı E.Qafarlı seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirməklə iradlarla razılaşdığını və növbəti mərhələyədək onları nəzərə alacağını vurğuladı.
Seminarda çıxış edənlər – iqtisad elmləri doktorları Arif Hüseynov, Atiq Kərimov, Fərhad Rəhimov, Əli Nuriyev, iqtisad üzrə fəlsəfə doktorları Aqil Əsədov, Yaşar Məmmədov, Mayis Gülalıyev və digərləri tədqiqat işinin aktuallığını vurğulamaqla yanaşı işlə bağlı öz mülahizələrini, irad və təkliflərini ifadə etdilər. Sonda E.Qafarlının dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə edildi (economics.com.az).