Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə edildi
- Oxunub 1270 dəfə
Fevralın 29-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda ilk olaraq Kamran Telman oğlu Nəbizadənin 5308.01- ümumi iqtisadiyyat ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qloballaşma şəraitində istehsalın maliyyə tənzimlənməsinin makroiqtisadi problemləri” mövzusunda (elmi rəhbər i.e.d., prof. İ.H.Alıyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra K.Nəbizadə dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d. prof. Şahin Sadıqov və i.f.d. Rüfət Efendiyev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetidir. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı K.Nəbizadə opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda iddiaçının dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
Sonra ikinci iddiaçı Əlireza Amerehei Həsən oğlunun 5311.01 - “Müəssisələrin təşkili və idarə olunması” və 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim etdiyi “Sənaye müəssisələrində məhsulun keyfiyyətinin idarə edilməsi” mövzusunda (elmi rəhbər i.e.d., prof. G.Z.Yüzbaşıyeva) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. F.Musayeva məlumat verdikdən sonra Əlireza Amerehei dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., prof. Hacıağa Rüstəmbəyov və i.f.d. Emil Qasımov çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetidir. İddiaçı Əlireza Amerehei opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi. İşlə bağlı çıxış edən Dissertasiya Şurasının üzvləri irad və təkliflərlə yanaşı öz müsbət fikirlərini bildirdilər. Sonda iddiaçının dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş hər iki dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqləri yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Kamran Telman oğlu Nəbizadə: “Qloballaşma şəraitində istehsalın maliyyə tənzimlənməsinin makroiqtisadi problemləri” (yüklə)
Avtoreferat Əlireza Amerehei Həsən oğlu: “Sənaye müəssisələrində məhsulun keyfiyyətinin idarə edilməsi” (yüklə)