Dissertasiya Şurasında Türkiyə vətəndaşları dissertasiya işlərini müdafiə etdilər 11.03.2016
- Oxunub 1192 dəfə
Martın 11-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki Türkiyə vətəndaşının dissertasiya işlərinin müdafiəsi üzrə müzakirələr keçirilmişdir.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclacda ilk olaraq Sedat Baytak Hasan oğlunun 5311.01 - «Müəssisələrin təşkili və idarə olunması» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda sənaye məhsullarının keyfiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda (elmi rəhbər i.e.d., prof. Tərbiz Əliyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Qafqaz Universitetində yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Sedat Baytak dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., prof. Müşfiq Atakişiyev və i.f.d. Kamran Abdullayev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Sedat Baytak opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Sedat Baytakın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
Sonra ikinci iddiaçı Akın Can Nazif oğlunun 5311.01 - «Müəssisələrin təşkili və idarə olunması» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim etdiyi “Sənaye müəssisələrində heyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda (elmi rəhbər i.e.d., prof. Tərbiz Əliyev) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Qafqaz Universitetində yerinə yetirilib. İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. F.Musayeva məlumat verdikdən sonra Akın Can dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında geniş təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş opponentlər - i.e.d., prof. Qəzənfər Süleymanov və i.f.d. Ramil Əliyev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasıdır. İddiaçı Akın Can opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Dissertasiya Şurasının üzvləri irad və təkliflərlə yanaşı öz müsbət fikirlərini bildirdilər. Sonda Akın Canın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş hər iki dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqləri yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Sedat Baytak Hasan oğlu: “Azərbaycanda sənaye məhsullarının keyfiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi” (yüklə)
Avtoreferat Akın Can Nazif oğlu: “Sənaye müəssisələrində heyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” (yüklə)