Dissertasiya Şurasında dissertasiya işi müdafiə edildi 19.04.2016
- Oxunub 1119 dəfə
Aprelin 19-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında daha bir dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclacda Səadət Ramil qızı Quliyevanın 5312.01 – Sahə iqtisadiyyatı ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ərzaq təminatının yaxşılaşdırılmasında topdansatış bazarlarının rolunun artırılması istiqamətləri” mövzusunda (elmi rəhbər i.e.d., prof. Sadıq Salahov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Səadət Quliyeva dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – AMEA-nın müxbir üzvi, iqtisad elmləri doktoru, prof. Şahbaz Muradov və iqtisad üzrə fəlsəfə doktoru, dos. Ələsgər Əliyev çıxış edərək mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı Səadət Quliyeva opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına ətraflı cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda Səadət Quliyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Müdafiə olunmuş dissertasiya işinin avtoreferatı ilə aşağıdakı linqi yükləməklə tanış olmaq mümkündür.
Avtoreferat Səadət Ramil qızı Quliyeva: “Ərzaq təminatının yaxşılaşdırılmasında topdansatış bazarlarının rolunun artırılması istiqamətləri” (yüklə)