Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə edildi
- Oxunub 1213 dəfə
13.12.2016
Dekabrın 13-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən ilk iclasda Samirə Zəfər qızı Cəfərovanın 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Xarici iqtisadi əlaqələrin güclənməsi şəraitində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksədilməsi yolları” mövzusunda (elmi rəhbər i.e.d., prof. G.Z.Yüzbaşıyeva) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Samirə Cəfərova dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Fuad Qənbərov və i.f.d. Emin Qəribli mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı S.Cəfərova opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri – professorlar Şahbaz Muradov, Əli Nuriyev, İsa Alıyev, Müşfiq Atakişiyev, Rəna Sultanova, Rauf Cəbiyev, Təbriz Əliyev irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda S.Cəfərovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.
İkinci iclasda Təbrizdə anadan olmuş İran vətəndaşı Hüseyn Əhməd oğlu Əhmədzadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İran İslam Respublikasında regional sahibkarlığın inkişafının maliyyə problemləri” mövzusunda (elmi rəhbərlər i.e.d., prof. Ə.X.Nuriyev və i.f.d., dos. A.M.Əsədov) dissertasiyası müzakirə edildi. Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Fərqanə Musayeva məlumat verdikdən sonra Hüseyn Əhmədzadə dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.
Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., Fuad Qənbərov və i.f.d. Şövqü Quliyev mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı H.Əhmədzadə opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.
İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda H.Əhmədzadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferat Samirə Zəfər qızı Cəfərova: “Xarici iqtisadi əlaqələrin güclənməsi şəraitində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksədilməsi yolları” (yüklə)
Avtoreferat Hüseyn Əhməd oğlu Əhmədzadə: “İran İslam Respublikasında regional sahibkarlığın inkişafının maliyyə problemləri” (yüklə)