“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021)” mövzusunda tədqiqatlar aparılacaq
- Oxunub 1000 dəfə
Yanvarın 11-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
Öncə İnstitutun direktoru, prof. N.Müzəffərli şöbə müdiri, i.f.d. Mahir Zeynalovu elmin təbliğindəki xidmətlərinə görə AMEA-nın prezidenti tərəfindən təşəkkürnamə ilə təltif olunması, aparıcı elmi işçi, i.f.d.,dos. Aqil Eyvazovu dosent elmi adı alması, baş elmi işçi, i.f.d. Esmira Bayramovanı 70, böyül elmi işçi Amalya Allahverdiyevanı 60 illik yubileyləri münasibətilə təbrik etdi.
İclasda AMEA İqtisadiyyat İnstitutunda növbəti 3 ildə aparılacaq elmi-tədqiqat işinin mövzusu - “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021)” geniş müzakirə edildi. Professor Nazim Müzəffərli mövzunun aktuallığını əsaslandırmaqla yanaşı onun əhəmiyyəti, tədqiqatların yerinə yetirilməsində şöbələrin və elmi işçilərin üzərinə düşən vəzifələr, əsas gözləntilər və s. barədə danışdı. Elmi Şuranın üzvləri - professor Əli Nuriyev, prof. Tərbiz Əliyev, dos. Mayis Güləliyev, i.f.d. Yaşar Məmmədov və digər çıxış edənlər də mövzunun aktual olduğunu bildirdilər. Müzakirələrdən sonra qeyd olunan mövzu növbəti 3 ilin əsas elmi tədqiqat istiqaməti kimi təsdiq edildi.
İclasda “Dissertasiyaların ilkin (şöbə) müzakirələrinin keçirilməsi qaydaları”na dəyişiklik edilməsi haqqında professor Tofiq Hüseynovun məruzəsi dinlənildi, təklif olunan dəyişikliklər geniş müzakirə edildi. Qaydaların təkmilləşdirilməsi və yekun sənədin hazırlanması məqsədilə Elmi Şuranın qərarı ilə müvafiq işçi komissiya yaradıldı.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev “Birləşmiş Vyana İnstitutunun təhsilə qoyduğu investisiyalar: AMEA İqtisadiyyat İnstitutunun əmakdaşları üçün imkanlar” haqqında geniş məlumat verdi. Bildirildi ki, AMEA İqtisadiyyat İnstitutu Avstriyanın Birləşmiş Vyana İnstitutu ilə yaxşı əlaqələr qurub və əməkdaşlarımızın Vyana İnstitutunda təşkil olunan, onlar tərəfindən maliyyələşdirilən kurslarda yaxından iştirak etmək imkanları var, arzu edənlər İnstitutun rəhbərliyinə müraciət edə bilərlər.
İclasda ötən il 21 iyun – 2 iyul tarixlərində elmi vəzifələrin tutulması üçün keçirilmiş müsabiqədə üzürlü səbəblərdən iştirak etməmiş əməkdaşların iddia etdikləri elmi vəzifələrə müsabiqə keçirildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi və nəticələr elan olundu. Beləliklə, i.f.d. Şahraz İbrahimov, i.f.d. Tahir Sərdarov, i.f.d. Təranə Nəcəfova, i.f.d. Yunus Sadıxov və elmi işçi Azər Əliyev iddia etdikləri vəzifələrə seçildilər (economics.com.az).