“Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi”
- Oxunub 661 dəfə
Elmi Şurada AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin bu mövzuda məruzəsi dinlənildi
Fevralın 19-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
Elmi Şuranın üzvləri aparıcı elmi işçi, i.f.d. Mahir Zeynalovu AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alması münasibətilə təbrik etdilər.
Elmi Şurada AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənildi. Alim qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələri, bir-birlərinə təsirləri, vergi yükünün hesablanması və qiymətləndirilməsi, optimal vergi yükünün müəyyən edilməsinin çətinliyi, gizli iqtisadiyyatın yaratdığı problemlər, ÜDM-in struktur effektivliyi, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlar, əldə olunan nəticələr barədə danışdı. Sonra məruzə ətrafında geniş müzakirələr aparıldı. Professor Akif Musayevin apardığı tədqiqatlar, özünəməxsus elmi yanaşmaları yüksək qiymətləndirildi, tədqiqatların maraq kəsb etdiyi nəzərə alınaraq davam etdirilməsi tövsiyə olundu.
Elmi Şurada İnstitutun elmi katibi i.f.d., dos. Rəsmiyyə Abdullayevanın təqdimatı əsasında gizli səsvermə yolu ilə “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Nəsimi Əhmədova və “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin böyük elmi işçisi, i.f.d. Yunus Sadıqova dosent elmi adının verilməsi barəsində də qərar qəbul edildi (economics.com.az).