İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
- Oxunub 580 dəfə
Sentyabrın 25-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Direktor ilk növbədə 2019-cu ildə İnstitutda yerinə yetirilən elmi tədqiqat plan işləri, bu məqsədlə yaradılmış yaradıcı qruplar, əməkdaşlar tərəfindən hazırda işlənilən üç yeni reytinq barədə məlumat verdi.
Direktor AMEA Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”nın təsdiq edilməsi haqqında qərarı barəsində məlumat verdi, bu qaydaların bundan sonra keçiriləcək müsabiqələr üçün əsas sənəd olduğunu bildirdi.
Elmi Şurada AMEA-nın müxbir üzvü, i.e.d., prof. Əli Xudu oğlu Nuriyevin 80 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin 27 iyun 2019-cu il tarixli qərarı da müzakirə edildi və bu il oktyabrın 10-da alimin yubiley tədbirinin keçirilməsi qərara alındı.
İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov AMEA-nın elmi-tədqiqat müəssisələrində intizam tenbehi ilə əlaqədar AMEA Prezidentinin 12 sentyabr 2019-cu il tarixli sərəncamı, işə davamiyyət və nizam-intizamın gücləndirilməsi məsələləri haqqında məlumat verdi.
İclasda i.e.d., prof. Akif Musayev (elmi işçi M.Qəzənfərli ilə birlikdə) Çexiyada keçirilmiş beynəlxalq konfransda, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Refət Efendiyev prof. Nazim Müzəffərli ilə birlikdə Çində “Avrasiya İqtisadi Forumu”nda iştirakları barədə məlumat verdi. Habelə elmi işçi Vəfa Həşimova Çin Xalq Respublikasında iştirak etdiyi 1 aylıq seminar proqramı barədə danışdı.
Elmi Şuranın qərarı ilə “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarovun “Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS EXCEL və EVİEWS proqram paketlərində həlli: nəzəriyyə və praktika”, “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin böyük elmi işçisi, i.f.d. Vüqar Bayramovun “Milli iqtisadiyyatın dayanıqlığı” adlı monoqrafiyaları çapa tövsiyyə olundu.
Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları – i.e.d. Fuad Qənbərovu AMEA-da keçirilmiş seçkilərin nəticələrinə əsasən “AMEA-nın professoru”, i.f.d. Məzəddin Əyyubovu, i.f.d. Gülnar Səmədovanı və i.f.d. Nəsimi Əhmədovu AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almaları münasibətilə təbrik etdilər.
Habelə İnstitutun əməkdaşları Yulduz Əliyeva, Kərim Piriyev, Rauf Rzayev və Esmira Karacaya yubiley yaşları münasibətilə xatirə diplomları və hədiyyələr təqdim olundu (economics.com.az).