AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması üzrə tədqiqatlar aparılır
- Oxunub 464 dəfə
Yanvarın 30-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Direktor ilk növbədə İnstitutda yerinə yetirilən elmi tədqiqat plan işləri, bu məqsədlə yaradılmış yaradıcı qrupların fəaliyyəti barədə məlumat verdi.
AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov 2020-ci ildə nəzərdə tutulan elmi-təşkilati fəaliyyətlə bağlı çıxış etdi. Bildirdi ki, hesabat ilində İnstitutda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar davam etdiriləcək. Bu məqsədlə formalaşdırılmış işçi qrupları fəaliyyət göstərir. Tədqiqatlar Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” ilə bağlı tədbirlərin icrasına əsaslanır. İnstitutda 25 reytinq üzrə tədqiqatlar aparılır ki, onlardan 4-ü institutun öz məhsuludur. AMEA Rəyasət Heyətinin İnstitutlar qarşısında qoyduğu əsas tələblərdən biri elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsidir. Bu ilin sonunda institutun şöbələrində aparılan tədqiqatlar üzrə yekun hesabatların keyfiyyəti qiymətləndiriləcək. Hesabatlar əsasında müvafiq hökumət qurumlarına təklif və tövsiyələr göndəriləcək. Nəticələr kitab şəklində çap olunacaq.
Elmi Şuranın qəraı ilə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kitabı Dövlət Mükafatına təqdim edilib.
İclasda i.e.d., professor Tərbiz Əliyev və i.e.d., professor Tofiq Hüseynov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitabı dəyərli və mühüm əhəmiyyəti olan tədqiqat əsəri kimi təqdim ediblər. Qeyd olunub ki, kitabda dahi şəxsiyyətin həyat yolu, tükənməz əməyi, Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin uğurlu nəticələri yer alıb. Əsərdə professor Şahbaz Muradovun Ulu öndər Heydər Əliyevin fəaliyyətinə yüksək alim qiyməti, onun siyasətinə dərin inam və ehtiram öz əksini tapıb. Kitab reallıqları faktlar və rəqəmlər əsasında özündə əks etdirir. Həm iqtisadi, həm də siyasi baxımdan çox qiymətli mənbə hesab oluna biləcək əsərdə müəllif həm də Azərbaycan iqtisad elminin inkişaf istiqamətlərini göstərmişdir. Elmi Şura Ulu Öndərin siyasi hakimiyyətinin müxtəlif illərində gördüyü əzəmətli işlərin, Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyətinin geniş əks olunduğu kitabı dövlət mükafatına layiq əsər kimi yüksək qiymətləndirib.
Elmi Şurada "Elmi Əsərlər" jurnalının adı dəyişdirilərək “İqtisadi artım və ictimai rifah” adlandırılıb. Prof. Nazim Müzəffərlinin baş redaktoru olduğu jurnalın redaksiya heyəti də yenilənib. Habelə, i.e.d., prof. Müşfiq Atakişiyev baş redaktorun müavini, i.f.d. dos. Nəsimi Əhmədov jurnalın məsul katibi təsdiq olunublar.
İclasda Dissertasiya Şurasının katibi, i.f.d., dos. Sevda Seyidova Ali Attestasiya Komissiyasının təsdiq etdiyi yeni qaydalar əsasında Dissertasiya Şurasına təqdim edilmiş dissertasiyaların növbəliliyi, şöbə müzakirələrinin, seminar və müdafiələrin təşkili barəsində məlumat verdi.
Elmi Şuranın qərarı ilə “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, i.f.d. Təbriz Yadigarovun “Gömrük statistikası və müasir informasiya texnologiyaları” adlı monoqrafiya (Elmi redaktor: i.e.d., prof. Akif Musayev, i.e.d., prof. Cəmilə Namazova; rəyçilər: i.e.d., prof. Sakit Yaqubov, i.e.d., prof. Arif Şəkərəliyev, i.f.d., dos. Kamran Abdullayev) çapa tövsiyyə olundu.
Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları Sveta Nəcəflini 50 illik yubileyi, i.f.d., dos. Fərqanə Musayevanı və i.f.d., dos. Pərviz Həsənovu başqa işə keçmələri münasibətilə təbrik etdilər, onlara uğurlar arzuladılar (economics.com.az).