AMEA İqtisadiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
- Oxunub 422 dəfə
Martın 5-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Direktor ilk növbədə İnstitutun rəhbərliyində baş vermiş dəyişiklik barədə məlumat verdi. Bildirildi ki, direktorun müvafiq əmrləri ilə İnstitutun Elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva öz xahişi ilə vəzifəsindən azad edilərək “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri» şöbəsinin müdiri, i.f.d. Leyli Allahverdiyeva isə İnstitutun Elmi katibi vəzifəsini icra edən təyin olunublar.
İclasda “AMEA İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında” AMEA Rəyasət Heyətinin 5 fevral 2020-ci il tarixli qərarı barəsində də məlumat verildi. Qeyd olundu ki, həmin qərarda AMEA İqtisadiyyat İnstitutunun da fəaliyyəti öz əksini tapmış, İnstitutun hökumət qurumları ilə qarşılıqlı səmərəli əməkdaşlığı, dövlət proqramlarının icrasında yaxından iştirakı, apaılan tədqiqatlar, həyata keçirilən tədbirlər, economics.com.az saytının nümunəvi fəaliyyəti yüksək qiymətləndirilib. Habelə İqtisadiyyat İnstitutuna strateji yol xəritələrinin icrası üzrə proqramlarda ekspert qismində yaxından iştirakı, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqelərinin yaxşılaşdırılması üzrə tədqiqatların davam etdirilməsi tapşırılıb. Elmi Şurada qeyd olundu ki, İqtisadiyyat İnstitutu öz fəaliyyətində bu tapşırıqları əsas götürəcək.
İclasda Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verdi. Sonra elmlər doktoru hazırlığı üzrə 3, fəlsəfə doktoru hazırlığı üzrə 4 dissertantın dissertasiya mövzuları geniş müzakirə edilərək təsdiqləndi.
Toplantıda “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsinə dəyişiklik edildi, təqaüd verilmək üçün yaş həddi 30-dan 35-ə yüksəldildi. Qərara əsasən i.e.d. Fuad Qənbərovun əməkhaqqısından hər ay ayrılacaq 100 manat hesabına elmi işçi Gülnarə Fətəliyeva 1 il “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd” alacaq.
Elmi Şuranın qərarı ilə Rəşad Əhmədovun “Azərbaycanda sosial müdafiə sistemi”, dos. Ramil Əliyevlə böyük elmi işçi Sevda Mahmudovanın “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı monoqrafiyalar çapa tövsiyə edildi.
İ.f.d., dos. Pərviz Həsənov başqa işə keçməsi ilə əlaqədar Elmi Şuranın tərkibindən çıxarıldı.
Elmi Şuranın üzvləri İnstitutun əməkdaşı Sürmə Həsənovanı yubiley yaşı münasibətilə təbrik etdilər (economics.com.az).