Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın 16.03.2015-ci il tarixli iclası

  • Oxunub 1315 dəfə

   16 mart 2015-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.

  İ.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən Şuranın iclasının gündəliyinə aşagıdakı məsələlər daxil edilmişdir:
1. İqtisad elminin elektron-informasiya resurslarının inkşiaf etdirilməsi haqqında (AMEA-nın müxbir üzvü A.Musayev).
2. i.e.d., prof. Tofiq Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında (R.S.Abdullayeva).
3. i.f.d. Nəsimi Əhmədovun “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında (R.S.Abdullayeva).
4. “Azərbaycan 2020: informasiya cəmiyyətinin formalaşması və innovasiyalara əsaslanan iqtisadi inkişafın prioritetləri” elmi-tədqiqat layihəsi haqqında (A.N.Muradov).
5. “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin elmi işçisi Məmmədova Gülnarə Vaqif qızının elmi rəhbərinin dəyişdirilməsi haqqında (R.S.Abdullayeva).
6. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (İqtisadiyyat seriyası) jurnalının redaksiya heyətinin dəyişdirilməsi haqqında (A.N.Muradov).
7. i.e.d., prof. Hacıağa Rüstəmbəyovun “İqtisadi inkişaf: tipoloji xarakteristika və milli identifikasiya” mövzusunda məruzəsi.

  İclasın gündəliyinə daxil edilən məsələlər müzakirə edildikdən sonra hər biri üzrə qərarlar qəbul edilmişdir.

  1-ci məsələ üzrə qərara gəlindi ki, elektron kitabxana formalaşdırılsın; iqtisad elminin elektron-informasiya resurslarının inkişaf etdirilməsi istiqamətində müvafiq qurumlarla görüşlər keçirilsin; respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (İqtisadiyyat Problemləri üzrə Elmi Şura) ilə görüş keçirilsin; AMEA Iqtisadiyyat İnstitutu ilə AR Vergilər Nazirliyi arasında görüş keçirilsin və ikitərəfli müqavilə bağlanılsın; İqtisadiyyat İnstitutunda vergilər sahəsində dərc olunan monoqrafiyaların, məqalələrin və yazılan dissertasiyaların elektron versiyası AR Vergilər Nazirliyinə təqdim edilsin; İqtisadiyyat İnstitutunun digər qurumlarla elektron-informasiya mübadiləsi təşkil edilin.

  Gündəlikdəki 2-ci məsələ üzrə qərar qəbul edildi ki, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., prof. T.H.Hüseynovun “Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika” monoqrafiyası çapa tövsiyə edilsin; monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, i.e.d., prof. Ağasəlim Ələsgərov, rəyçiləri i.e.d., prof. Müşfiq Atakişiyev və i.e.d., prof. İrşad Kərimov təsdiq edilsinlər.

  Gündəlikdəki 3-cü məsələ üzrə qərar qəbul edildi ki, AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Nəsimi Əhmədovun “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyası çapa tövsiyə edilsin; monoqrafiyanın elmi redaktoru i.e.d., prof. Rəna Sultanova, rəyçiləri i.e.d., prof. H.B.Rüstəmbəyov və c.e.d., prof. T.G.Həsənov təsdiq edilsinlər.

 Gündəlikdəki 4-cü məsələ - “Azərbaycan 2020: informasiya cəmiyyətinin formalaşması və innovasiyalara əsaslanan iqtisadi inkişafın prioritetləri” elmi-tədqiqat layihəsi təsdiq edildi.

  Gündəlikdəki 5-ci məsələ üzrə “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin elmi işçisi Məmmədova Gülnarə Vaqif qızının elmi rəhbəri dəyişdirilərək i.e.d. G.Z.Yüzbaşiyeva təyin olundu.

  Gündəlikdəki 6-cı məsələ üzrə AMEA-nın Xəbərləri (İqtisadiyyat seriyası) jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, i.e.d., prof. Ş.M.Muradov, baş redaktorun müavini elmi işlər üzrə direktor müavini i.f.d., dos. A.N.Muradov, məsul katibi i.f.d., dos. Y.Ə.Məmmədov təyin edildilər. Jurnalın redaksiya heyəti aşağıdakı tərkibdə təsdiq olundu:
1.Abdullayeva Rəsmiyyə - i.f.d., dosent
2.Aliyev İsa - i.e.d., prof.
3.Hüseynov Tofiq - i.e.d., prof.
4.Musayev Akif - AMEA-nın müxbir üzvü, i.e.d., prof.
5.Müzəffərli (İmanov) Nazim - i.e.d., prof.
6.Nuriyev Əli - AMEA-nın müxbir üzvü, i.e.d., prof.
7.Səmədzadə Ziyad - akademik
8.Sultanova Rəna - i.e.d., prof.
9.Yüzbaşiyeva Gülşən - i.e.d.
  Habelə qərara alındı ki, jurnal 2 ayda bir dəfə, 250x180 mm. formatında, 5-6 ç.v həcmində nəşr olunsun; İnstitutun Web saytında urnalın ayrıca səhifəsi yaradılsın və məqalələr PDF formatında səhifədə yerləşdirilsin; beynəlxalq İSSN kodunun alınması, beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərindən azı birinə daxil olması üçün iş aparılsın; məqalələrin Azərbaycan, ingilis, turk və rus dillərində dərc olunması məqbul sayılsın; jurnalda İnstitutun elmi fəaliyyətinin nəticələri müntəzəm şəkildə işıqlandırılsın; redaksiya heyətinə tapşırılsın ki, jurnalın əsasnaməsini işləyib hazırlasın və Elmi Şuranın təsdiqinə təqdim etsin.

 Gündəlikdəki sonuncu məsələ üzrə i.e.d., prof. Hacıağa Rüstəmbəyovun “İqtisadi inkişaf: tipoloji xarakteristika və milli identifikasiya” mövzusunda məruzəsi dinlənildi və müzakirələr keçirildi, məruzə bəyənildi (economics.com.az).