Elmi Şuranın 24.06.2015-ci il tarixli iclası
- Oxunub 1359 dəfə
İyunun 24-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.
İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvləri ilk əvvəl yubiliyarları – 75 yaşı tamam olan akademik Ziyad Səmədzadəni, 60 yaşı münasibətilə i.f.d. Məzəddin Əyyubovu və 50 illiyi münasibətilə elmi işçi Azadə Hüseynovanı təbrik etdilər.
Professor N.Müzəffərli məlumat verdi ki, 2015-ci il iyunun 25-də görkəmli iqtisadçı alim, AMEA-nın həqiqi üzvü, i.e.d., professor Ziyad Əliabbas oğlu Səmədzadənin 75 yaşı tamam olur. Bununla bağlı AMEA Rəyasət Heyəti 20 may 2015-cil tarixli 10/4 saylı qərar qəbul edib. Həmin qərara əsasən AMEA-nm İqtisadiyyat İnstitutu Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə akademik Z.Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirməli və mətbuatda, elmi nəşrlərdə alimin həyat və yaradıcılığına həsr edilmiş məqalələr dərc olunmalıdır. Bunları nəzərə alan İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə bu ilin payızında Z.Səmədzadənin 75 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi üçün 3 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldı. İ.e.d., prof. T.H.Hüseynovun sədrlik edəcəyi komitəyə i.f.d. Əbdülsəməd Həsənov və i.f.d. İlkin Soltanlı da daxil edildilər. Akademik barəsində mətbuatda və elmi nəşrlərdə cap olunması üçün məqalələrin hazırlanması i.e.d., prof. Tofiq Hüseynov, i.f.d., dos. Xosrov Kərimov və i.f.d., dos. Seyfəddin Səməndərova həvalə olundu.
İclasda gündəliyə daxil edilmiş digər məsələlər də müzakirə edildi. Elmi Şuranın sədr müavini, i.f.d. Allahyar Muradov bildirdi ki, AMEA-nın Prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi” ilə bağlı sərəncamında göstərilir ki, “AMEA Rəyasət Heyətinin 04 mart 2015-ci il tarixli 7/4 nömrəli qərarı ilə AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilmişdir. Hazırda həmin tələblərin tətbiqi, habelə doktorantlarm və dissertantların ixtisasdan, eləcə də fəlsəfə fənnindən biliklərinin obyektiv qiymətləndirilməsi üçün test sisteminin işlənib hazırlanması və tətbiq edilməsi” qərara alınmışdır.
Bunu əsas tutmaqla İqtisadiyyat İnstitutunda da doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu əsasında keçirilməsi məqsədi ilə Elmi Şura qərar qəbul etdi ki, 10 gün ərzində testlərin hazırlanması üzrə komissiya formalaşdırılsın; imtahan komissiyası testlərin hazırlanması ilə bağlı İnstitutun şöbələrinin fəaliyyətini koordinasiya etsin; bu il sentyabrın 15-nə kimi müvafiq ixtisas fənləri üzrə proqramlar və həmin proqramlara uyğun test sualları (bankı) ilkin versiyada hazırlanıb imtahan komissiyasına təqdim olunsun. Habelə qərara əsasən hazırlanacaq test sualları (bankı) oktyabrın 1-dək Elmi Şurada təsdiq olunacaq və AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinə təqdim ediləcək.
İclasda İnstitutun şöbə müdiri, i.e.d. Gülşən Yüzbaşiyevaya professor elmi adının verilməsi və bununla bağlı Ali Attestasiya Komissiyasına müraciət edilməsi barədə qərar qəbul olundu. (economics.com.az).