İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
- Oxunub 223 dəfə
Martın 2-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Baş direktor məlumat verib ki, İnstitutun Təhsil şöbəsinin müdiri, dos. Gülsurə Mehdiyeva öz ərizəsi ilə işindən ayrılıb. Bu nəzərə alınaraq o, Elmi Şuranın tərkibindən çıxarılıb.
Elmi Şurada AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Muradovun “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər” adlı monoqrafiyasının dövlət mükafatına təqdim edilməsi haqqında məsələ də müzakirə olunub. Professor Tofiq Hüseynov kitab haqqında məlumat verib. Dosent Yaşar Məmmədov, prof. Müşfiq Atakişiyev də uzun illər demoqrafiya sahəsində tədqiqatlar aparmış Ş.Muradovun kitabını samballı əsər kimi qiymətləndiriblər, tarixi və elmi əhəmiyyətini vurğulayıblar. Müzakirələrdən sonra kitbın dövlət mükafatına təqdim olunması barədə qərar qəbul edilib.
Elmi Şuranın qərarı ilə İnstitutun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.e.d., prof. Tərbiz Əliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” adlı monoqrafiyası çapa tövsiyə olundu (economics.com.az).