Elmi Şuranın iclası keçirilib
- Oxunub 159 dəfə
Aprelin 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Elmi Şurada Sənaye siyasəti və investisiya problemləri şöbəsinin müdiri, i.e.d., professor Tofiq Hüseynovun “Azərbaycanda sənayeləşmə: reallıqlar və perspektivlər” adlı monoqrafiyası müzakirə edilib. Müəllif özü çıxış edərək əsərin əsas məzmunu barədə məlumat verib. Azərbaycan sənayesinin əsas xarakterik xüsusiyyətləri, inkişaf meyilləri, dünya sənayesində əsas trendlər, sənayedə özəl sektorun rolu, emal sənayesinin inkişafı problemləri, investisiyaların cəlb olunması, klasterləşdirmə, dövlət tənzimlənməsi, yerli istehsalın və ixracın stimullaşdırılması, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, qiymətlərin tənzimlənməsi, sənayenin innovativ inkişafının zəruriliyi və s. məsələlər elmi diskussiya şəraitində geniş müzakirə olunmuşdur. Habelə təklif və tövsiyələr səsləndirilmişdir. Elmi Şuranın qərarı ilə “Azərbaycanda sənayeləşmə: reallıqlar və perspektivlər” adlı monoqrafiya çapa tövsiyə edilmişdir.
İclasda Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyevanın təqdimatı əsasında magistratura təhsili üzrə nəzərdə tutulan “Ekoloji təhlükəsizlik”, “Qlobal ərzaq problemi və aqrar siyasət” və “İqtisadi fikir və iqtisadi siyasət” fənn proqramları müzakirə edilib, irad və tövsiyələr nəzərə alınmaqla təsdiq olunub. (economics.com.az).