Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın iclası keçirilib

  • Oxunub 105 dəfə

 Sentyabrın 15-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Prof. N.Müzəffərli 16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransı barədə məlumat verib. Bildirib ki, konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaq. Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

 Baş direktor İqtisadiyyat İnstitutu ilə universitetlər arasındakı əlaqələrin genişləndirilməsindən danışıb, bu yaxınlarda İnstitutun bir qrup əməkdaşının iştirakı ilə Mingəçevir Dövlət Universitetində və Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” mövzusunda aparılmış tədqiqatlarla bağlı keçirilmiş tədbir barədə məlumat verib.

 Elmi Şuranın üzvü, dosent Mahir Zeynalov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birlikdə 23-24 noyabr 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda keçiriləcək respublika elmi konfransı barədə geniş məlumat verib. Bildirib ki, konfransda ölkəmizin aparıcı universitetlərinin tanınmış iqtisadçı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İclasda İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev İnstitutun 2023-cü il üzrə plan elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, elmi şöbələrin hesabatlarının təqdim olunması və müzakirəsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib.   

 İnstitutun elmi katibi, dosent Leyli Allahverdiyeva indiyədək çap edilmiş analitik bulletenlər, yenilərinin hazırlanması və nəşrinin zəruriliyi barədə danışıb. Elmi Şuranın razılığı ilə dosent Təbriz Yadigarov analitik bulletenlərin hazırlanması və nəşri üzrə məsul şəxs müəyyən edilib.

 Elmi Şuranın üzvləri yubiley yaşları münasibəti ilə şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanı, baş mühasibin müavini Ağca Məmmədovanı və kargüzar Şəfəq Mustafayevanı təbrik ediblər (economics.com.az).