Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın iclası keçirilib

  • Oxunub 69 dəfə

 Noyabrın 30-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.

 Baş direktor İnstitutun 2023-cü il üzrə plan elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, elmi şöbələrin hesabatlarının təqdim olunması və müzakirəsi, elmi tədqiqat işləri üzrə elmi şöbələr və əməkdaşlar arasında müsabiqənin keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib.  

 Prof. N.Müzəffərli 16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Zəngilanda və Bakıda keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransı barədə məlumat verib. Bildirib ki, konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunub. Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak ediblər. Konfrans çox yüksək səviyyədə keçib.

 Elmi Şuranın üzvü, dosent Mahir Zeynalov noyabrın 23-24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda keçirilmiş respublika elmi konfransı barədə məlumat verib. Bildirib ki, məsul katibi olduğu, ADNSU-da keçirilən konfransda İqtisadiyyat İnstitutunun baş direktoru prof. N.Müzəffərli çıxış edib. Habelə İnstitutun əməkdaşları bu elmi tədbirə fəal qatılıblar, plenar və bölmə iclaslarında məruzələrlə çıxışlar ediblər, iki gün ərzində maraqlı və geniş elmi müzakirələr aparılıb. Konfransda fəal iştirak etmiş bir qrup tədqiqatçılarımıza sertifikat təqdim olunub. Yaxın vaxtlarda konfrans materiallarının çapı nəzərdə tutulur.

Elmi Şurada hər iki konfransın yüksək səviyyədə təşkili İqtisadiyyat İnstitutunun uğuru kimi qiymətləndirilib.

 Elmi Şuranın qərarı ilə  i.f.d., dosent Leyli Allahverdiyevanın "Azərbaycanda turizm: son illərin dinamikası" və i.f.d., dos. Təbriz Yadigarovun "Azərbaycanın nəqliyyat logistikası-2023" adlı bülletenlər çapa tövsiyə olunub.

 Elmi Şuranın üzvləri İnstitutun aparıcı elmi işçisi, i.f.d. Mətanət Abdalovanı “Dosent” elmi adı alması münasibəti ilə təbrik ediblər (economics.com.az).