Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın 08.12.2015 tarixli iclası

  • Oxunub 1197 dəfə

 Ölkəmizin müstəqillik illərindəki iqtisadi inkişafından bəhs edən “Azərbaycan iqtisadiyyatı 25 ildə” adlı kollektiv monoqrafiyanın yazılması nəzərdə tutulur

 Dekabrın 8-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvlərini - AMEA-nın müxbir üzvü Ş.M.Muradova “Əməkdar elm xadimi” fəxri adının verilməsi və professor İ.H.Alıyevin “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik etdilər. Habelə şöbə müdiri Tanrıverdi Paşaya 65 illik yubileyi münasibətilə diplom və hədiyyə təqdim olundu.

 İclasda professor T.H.Hüseynovun yeni capdan çıxmış “Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiyası haqqında məlumat verildi və əsər yüksək qiymətləndirildi. Toplantıda gizli səsvermə yolu ilə i.f.d. T.Sərdarova dosent elmi adının verilməsi ilə bağlı da qərar qəbul olundu.

 İclasda professor N.Müzəffərli qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli nitqi digər elm sahələri kimi, iqtisad elminin alimləri qarşısında da məsul və mühüm vəzifələr qoyub. Direktor bu vəzifələrdən irəli gələn tədbirlər çərçivəsində İqtisadiyyat İnstitutunun görəcəyi işlər, aparacağı elmi tədqiqatların əsas istiqamətləri haqqında danışdı. Bu mövzuda geniş müzakirələr aparıldı. Beləliklə, 2016-cı ilin yazında “Azərbaycanda demoqrafik inkişaf” mövzusunda böyük bir elmi tədbirin keçirilməsi planlaşdırılır. Habelə ölkəmizin müstəqillik illərindəki iqtisadi inkişafından bəhs edən “Azərbaycan iqtisadiyyatı 25 ildə” adlı kollektiv monoqrafiyanın yazılması nəzərdə tutulur. Elmi Şuranın qərarı ilə i.f.d. Asif Mustafayev monoqrafiyanın yazılması üzrə kordinator təyin olundu.

 Professor N.Müzəffərli Azərbaycan multikulturalizm modelinin tədqiqi istiqamətində bir çox elmlərin, o cümlədən iqtisad elminin qarşısında da aktual vəzifələr durduğunu vurğuladı. O, ilk dəfə olaraq yeni iqtisadi termin – iqtisadi multikulturalizm və onun öyrənilməsini təklif etdi.

 Sonra İqtisadiyyat İnstitutunun 2015-ci ilin yekunu üzrə elmi tədqiqat fəaliyyəti haqqında hesabat dinlənildi. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov ayrı-ayrı şöbələr üzrə aparılmış tədqiqatlar və onların əsas elmi nəticələri ətrafında geniş məruzə etdi. Hesabat geniş diskussiyalara səbəb oldu və müzakirələr gələn həftə davam etdiriləcək (economics.com.az).