Elmi Şurada akademik Fikrət Əliyevin məruzəsi dinlənilmişdir 04.03.2016
- Oxunub 1088 dəfə
Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası, alimlərimizin əsərlərinin impakt faktorlu jurnallarda çapı imkanları müzakirə olundu
Martın 4-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvləri institutun əməkdaşları - şöbə müdiri, i.f.d. Cəlil Quliyevi 80, şöbə müdiri, t.e.n. Ağa-Kərim Hacıyevi 65 və i.f.d. Mətanət Rizayevayanı 55 illik yubileyləri münasibətilə təbrik etdilər, onlara diplom və hədiyyələr təqdim olundu.
Elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva 80 yaşlı yubiliyar, uzun illər İnstitutda səmərəli və məhsuldar işi ilə seçilən i.f.d. Cəlil Quliyevin zəngin elmi fəaliyyəti haqqında geniş məlumat verdi. Məruzə nəzərə alınaraq Elmi Şura C.Quliyevin mükafatlandırılması üçün AMEA Rəyasət Heyəti qarşısında məsələ qaldırılması barədə qərar qəbul etdi.
Sonra akademik Fikrət Əliyev beynəlxalq elmi bazalara daxil olan jurnallarda məqalələrin çap olunması qaydaları, Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti ilə bağlı Elmi Şurada məruzə etdi. Akademik məlumat verdi ki, dünyada 100 mindən artıq elmi jurnal olsa da, onlardan seçilmiş 12700-ə qədəri nüfuzlu Thomson Reuters-ə daxildir. Thomson Reuters tərəfindən belə elmi jurnallar seçilən zaman başlıca kriteriyalar kimi onların çap standartları, beynəlxalq redaksiya heyəti, jurnalın məzmunu və istinadların analizi əsas götürülür. Thomson Reuters-da 12665 jurnal, 12000 illik konfrans, 61 min kitab qeydiyyatdan keçib, habelə bu sistemdə 1 milyarddan artıq istinad olunmuş ədəbiyyat, 110 illik dövrü əhatə edən məqalələr toplanıb.
Akademik F.Əliyev bildirdi ki, bir neçə ay bundan əvvəl apardıqları monitorinqin nəticələrinə əsasən Azərbaycanda çıxan 363 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir. Onlardan isə yalnız 4-ü Thomson Reuters Web of Science tərəfindən indekslənən jurnallardır. Həmin jurnallar “Applied and Computational Mathematics”, “TWMS Journal of Pure and Applied Mathematics”, “Khazar Journal of Humanities and Social Sciences” və “Azerbaijan Journal of Mathematics” nəşrləridir. 17 ölkədən 26 tanınmış alim “Applied and Computational Mathematics”in redaksiya heyətinin üzvüdür. Bu jurnal 2010-cu ildə impakt faktoru alıb və impakt faktoru indeksi 0.633-dür.
Maraqla qarşılanan məruzədən sonra akademik F.Əliyev Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiyası, bu sahədəki problemlər və onların həlli yolları, habelə ölkəmizin alimlərinin əsərlərinin beynəlxalq impakt faktorlu jurnallarda çapı imkanları, qaydaları ilə bağlı Elmi Şura üzvlərinin suallarını çavablandırdı.
Elmi Şurada AMEA İqtisadiyyat İnstitutunun tədqiqat layihələri üzrə meneceri, i.f.d. Rüfət Efendiyev “İnstitutun beynəlxalq elmi layihələri haqqında” məruzə etdi. O, son illər İnstitut tərəfindən həyata keçirilən layihələr və hazırda bu sahədə aparılan perspektiv işlər barədə məlumat verdi. Bildirildi ki, İnstitut potensial partnyorlarla – Fransa, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeşin Azərbaycandakı səfirlikləri, habelə Almaniya Akademik Mübadilə Xidməti, BMT-nin UNEP və UNFPA kimi Proqramları, Asiya İnkişaf Bankı və s. ilə əməkdaşlıq əlaqələri qurur və birgə layihələrlə bağlı müzakirələr aparır. Məruzəçi beynəlxalq təşkilatların layihələrlə bağlı şərtlərindən, onlarla iş prinsiplərindən, bu sahədəki başlıca çətinliklərdən və perspektiv imkanlardan da danışdı (economics.com.az).