Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şuranın içlası keçirildi 08.12.2016

  • Oxunub 1310 dəfə

08.12.2016
 Toplantıda 2014-2016-cı illərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekun hesabatı dinlənildi

 Dekabrın 8-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda qonaq qismində AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov və Akif Musayev də iştirak edirdilər.

 İclasda bir sıra məsələlər müzakirə edildi. İnstitutun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d. M.Gulalıyev və “Təhsil” şöbəsinin müdiri, i.f.d. A.Hüseyn Elmi Şuranın tərkibinə daxil edildilər.

 Sonra professor N.Müzəffərli bu il noyabrın 23-dən 28-nə kimi Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı beynəlxalq konfransda iştirakı, həmin konfransdakı məruzəsi, Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda oxuduğu mühazirə, orada keçirdiyi görüşlər, Azərbaycanla Çinin elmi müəssisələri və akademik iqtisadiyyat institutları arasında əməkdaşlıq əlaqələrinin qurulması sahəsində görülən işlər barədə Elmi Şurada məlumat verdi.

 Elmi Şurada “Azərbaycan Respublikasının davamlı inkişafının təmin edilməsinin sosial-iqtisadi problemləri” istiqaməti üzrə 2014-2016-cı illərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekun hesabatı dinlənildi. Elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov hesabat barədə geniş məruzə ilə çıxış etdi. Hesabatla bağlı Elmi Şuranın üzvləri, o cümlədən, professorlar Şahbaz Muradov, İsa Alıyev, Akif Musayev, Tərbiz Əliyev müsbət fikirlərini bildirdilər və İnstitutun illik hesabatı qənaətbəxş hesab olundu.

 Toplantıda AMEA-nın müxbir üzvü Şahbaz Muradov professor Nazim Müzəffərlini (İmanov) alim kimi yüksək qiymətləndirərək onu Azərbaycanın ən savadlı iqtisadçılarından biri kimi xarakterizə etdi və ona institutun direktoru kimi uğurlar arzuladı. AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov da prof. N. Müzəffərlinin (İmanov) rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun son illərdəki fəaliyyətini, həyata keçirilən tədbirləri, dəyişiklikləri, illik hesabatı, əldə olunan nəticələri yüksək qiymətləndirdi, öz tövsiyələrini verdi.

 Dekabrın 20-dək bütün elmi əməkdaşların illik hesabatları tamamlanmış şəkildə təqdim etmələri barədə qərar qəbul edildi.

  İclasda növbəti 3 ilin (2017-2019-cu illər) elmi-tədqiqat planları da müzakirə edildi və qərara alındı ki, bununla bağlı 1 həftə ərzində şöbə müdirləri öz təkliflərini rəhbərliyə təqdim etsinlər.

 İnstitutda müvafiq elmi vəzifələrin tutulması üzrə müsabiqələrin keçirilməsi qaydalarının hazırlanması məqsədilə Elmi Şuranın qərarı ilə komissiya yaradıldı.

 Elmi Şurada aparılan geniş müzakirələrdən sonra İnstitutun strukturunda qismən dəyişiklik edilərək iki - “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” və “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbələri birləşdirilərək yeni - “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsi yaradıldı.

 İclasda elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva 2016-2017-ci tədris ilində İqtisadiyyat İnstitutunun magistraturasına qəbul planı haqqında məlumat verdi. Habelə magistraturanın fənn proqramları təsdiq olundu.

 Müzakirələrdən sonra Elmi Şuranın qərarı ilə iki yeni kitabın - aparıcı elmi işçi, i.f.d. Kamran Abdullayevin “Azərbaycan Respublikasının nəqliyyat xidmətləri bazarı” adlı monoqrafiyası və “Qeyri-dövlət pensiya təminatı” adlı kollektiv (i.f.d. C.B.Quliyev, i.f.d. R.S.Abdullayeva, i.f.d. A.N.Muradov, i.f.d. Y.S.Əzizov, T.Ə.Paşa) monoqrafiya çapa tövsiyyə edildi (economics.com.az).