Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

economics.com.az saytı “İlin ən yaxşı veb-sayt”ları sırasında

  • Oxunub 1266 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun İnternet saytı monitorinqin nəticələrinə görə 40 sayt arasında 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutub

 AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri açıqlanıb. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi tərəfindən həyata keçirilən monitorinq Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli sərəncamına əsasən aparılıb.

 İdarənin rəis müavini, Monitorinq Qrupunun rəhbəri Ülviyyə Rzayeva akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursunun analiz edildiyini bildirib: “Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” qanunun tələbləri baxımından elmi müəssisə və təşkilatların saytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyət göstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, o cümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elmin populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan jurnalistləri, yaradıcı kollektivi həvəsləndirməkdir”.

 Monitorinq 2 meyar üzrə - müraciətlərin və xəbərlərin sayına görə aparılıb. İlk üç yerdə AMEA İnformasiya Texnologiyaları İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi qərarlaşıb. AMEA İqtisadiyyat İnstitutunun İnternet saytı monitorinqin nəticələrinə görə 40 sayt arasında 4-cü, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin elmi-tədqiqat institutları arasında 1-ci yeri tutub. economics.com.az saytı AMEA İqtisadiyyat İnstitutunun fəaliyyətinin, aparılan elmi tədqiqatlar haqqında zəruri məlumatların və s. ictimaiyyətə operativ çatdırılmasına görə səmərəli fəaliyyət göstərən saytlar sırasındadır. Monitorinqin nəticələrinə görə, 2016-cı ildə economics.com.az saytına müraciətlərin sayı 91451, həmin ilin noyabr-dekabr aylarında müraciətlərin sayı hər ay üzrə 10 mindən artıq olub. İl ərzində İnstitutun fəaliyyəti ilə bağlı 144 xəbər dərc olunub.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli economics.com.az saytının “İlin ən yaxşı veb-sayt”ları arasında ilk 5-likdə yer alması münasibətilə saytın yaradıcı heyətini, baş redaktoru, i.f.d. Mahir Zeynalovu təbrik edib, onlara gələcəkdə yeni yaradıcılıq uğurları və daha yüksək nailiyyətlər arzulayıb.

 Monitorinqin nəticələrini yüksək qiymətləndirən saytın baş redaktoru, i.f.d. Mahir Zeynalov bildirib ki, bundan sonra da saytın informasiya bazasını daim yeniləşdirməyə, zənginləşdirməyə və təkmilləşdirməyə, habelə İnstitutun gördüyü işləri, aparılan elmi-tədqiqat işlərinin nəticələrini operativ şəkildə ictimaiyyətə çatdırmağa, oxucu auditoriyasını daha da genişləndirməyə çalışacaqlar (economics.com.az).

 

“İlin ən yaxşı veb-saytı”nın müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri ilə bağlı hesabatla aşağıdakı faylı yükləməklə tanış olmaq mümkündür