“Nobel mükafatını kimə və nəyə görə verirlər”
- Oxunub 1610 dəfə
“Doktorantlar klubu”nda İlham Rüstəmovun təqdimatı
10 dekabr 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Doktorantlar klubu”nda İnstitutun doktorantı, i.f.d. İlham Rüstəmov “Müasir dünyanın ən aktual iqtisadi problemləri: Nobel mükafatını kimə və nəyə görə verirlər” mövzusunda geniş təqdimatla çıxış etdi. O, məlumat verdi ki, Nobel mükafatı - dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Mükafata medal, şəxsi diplom və pul mükafatı (10 milyon İsveç kronu, təxminən 1,5 mln. ABŞ $) daxildir. Hər il dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı şəxsən təqdim edir.
İlham Rüstəmov bildirdi ki, 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə iqtisadiyyat üzrə Nobel mükafatı da verilir. 1969-cu ildə iqtisadiyyat üzrə ilk nobel mükafatı hollandiyalı Yan Tinbergen (1903-1994) və norveçli Ragnar Frişə (1895-1973) iqtisadi proseslərin təhlili üçün dinamik modellərin yaradılması və tətbiqi sahəsindəki ugurlarına görə təqdim edilmişdir. Onlar ekonometriyanın baniləri hesab olunurlar. 1972-ci ildə 51 yaşındaykən Nobel İqtisadiyyat Mükafatını qazanan amerikalı, Stanford Universitetinin professoru Kenneth Arrov indiyə qədər bu mükafatı qazanan ən gənc adam kimi tarixə düşüb. O, ümumi iqtisadi tarazlıq və rifah nəzəriyyəsinə görə təltif olunmuşdur. İqtisadiyyat üzrə ilk qadın laureat 2009-cu ildə Elinor Ostrom (ABŞ) olmuşdur. 2014-cü ildə 46-cı dəfə verilən Nobel İqtisadiyyat Mükafatına indiyə qədər 75 nəfər layiq görülüb, bunlardan 23 mükafat tək namizəd, 17 mükafat iki nəfər, 6 mükafat isə üç nəfər tərəfindən bölüşdürülüb.
1969-2014 iqtisadiyyat üzrə Nobel mükafatı alanların bəzi ortaq xüsusiyyətləri ondan ibarətdir ki, həmin iqtisadçılar fərqli ölkələrdən olmalarına baxmayaraq əsərlərini ingilis dilində yazmış və ya onları ingilis dilinə tərcümə etdirmişlər. Habelə mükafat alanların əksəriyyəti inkişaf etmiş ölkələrin nümayəndələridir və əsasən demokrat və liberal iqtisadçılardır. Əksəriyyəti bu və digər dərəcədə ekonometriya, statistika və riyazi modelləşdirmə sahəsinin inkişafına töhvə vermişlər. Dünyadakı mövcud iqtisadi problemlərin həlli üçün ümidverici, pozitiv yanaşmaları olan təkliflər və praktiki əhəmiyyəti olan nəzəriyyələr irəli sürmüşlər.
Çox maraqla qarşılanan təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparıldı, tezliklə Nobel mükafatına layiq görüləcək azərbaycanlı alimlərin də adlarına rast gəlinəcəyinə ümidlər ifadə olundu...(economics.com.az)
İlham Rüstəmovun təqdimatı ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar