Professor Nazim Müzəffərli BBU-da keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
- Oxunub 638 dəfə
Mayın 4-də Bakı Biznes Universitetində (BBU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Keyfiyyət təminatı rəqabətqabiliyyətli iqtisadi inkişafın əsas amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirə respublikamızın tanınmış alimləri, tədqiqatçı-mütəxəssisləri ilə yanaşı 6 xarici ölkənin tədqiqatçıları da qatılıblar. Konfransda “Rəqabətqabiliyyətli inkişafda resurslardan səmərəli istifadə prioritetləri”, “Rəqabətqabiliyyətli iqtisadi inkişafda keyfiyyətli maliyyə-uçot informasiya təminatı”, “Linqvistik keyfiyyət təminatı: dil və iqtisadiyyatın qarşılıqlı inkişaf prioritetləri”, “Riyaziyyat elminin və riyazi fənlərin tədrisinin bəzi aktual məsələləri”, “İşğaldan azad edilmiş ərazilərdə sosial işin təşkilinin keyfiyyət istiqamətləri” mövzularında müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan BBU-nun rektoru iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib ki, konfransın məqsədi rəqabətqabiliyyətli iqtisadi inkişafda keyfiyyət təminatının, resurslardan səmərəli istifadənin və sosial inkişafın əsas prioritetlərinin müəyyən edilməsidir.
AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) i.f.d., dosent Allahyar Muradovla birgə tədqiqatları olan “Azərbaycan bölgələrinin iqtisadi inkişaf və diversifikasiya üzrə reytinqi” mövzusunda təqdimatla çıxış edib. O diqqətə çatdırıb ki, bu tədqiqat İqtisadiyyat İnstitutunun öz araşdırmasıdır və 2 sub-indeks əsasında hesablanır. İqtisadi inkişafın statik səviyyəsi sub-indeksi (İİSS) – iqtisadi inkişafın cari vəziyyətini (dinamikasını deyil) qiymətləndirir və sahəvi diversifikasiya sub-indeksi (SD) – iqtisadi inkişafın dayanıqlılığını qiymətləndirir. Araşdırmada Azərbaycanın bölgələrinin iqtisadi inkişaf səviyyəsi yalnız statik yanaşma üzrə, yəni iqtisadiyyatın faktiki durumunu ifadə edən göstəricilər əsasında müqayisə edilir. Azərbaycanın bölgələrində iqtisadiyyatın dayanıqlılığını qiymətləndirmək məqsədilə sahəvi diversifikasiyanın səviyyəsi araşdırılıb, bunun üçün sənaye, kənd təsərrüfatı, tikinti və xidmətlər üzrə “bərabər paylı sahələr” yanaşmasından istifadə olunub. Bu yanaşma əsasında hər bir iqtisadi rayon, respublika tabeli şəhər və inzibati rayon üçün sahəvi diversifikasiya sub-indeksi hesablanıb. Konfransda tədqiqatın nəticələri maraqla qarşılanıb.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun icraçı direktor vəzifəsini icra edən i.f.d., dos. Allahyar Muradov və şöbə müdiri, i.f.d., dos. Mahir Zeynalov da iştirak ediblər.
Prof. N.Müzəffərlinin təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar