Akademik Hatəm Quliyev: “İqtisadiyyat İnstitutunda kreativ düşüncəli gənclər toplanıb”
- Oxunub 1532 dəfə
İqtisadiyyat İnstitutunda akademik Hatəm Quliyev “Aləmin əbədi dövranı paradiqması” mövzusunda çıxış edib
Fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunda “Gənc alimlər” klubunda gənc alimlərin akademik Hatəm Quliyevlə görüşü keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli tanınmış alim kimi akademiki gənclərə təqdim etdi.
Sonra akademik Hatəm Quliyev “Aləmin əbədi dövranı paradiqması” adlı məruzə ilə çıxış etdi. O kainatda baş verən təbii proseslər və materiya, maddi dünya ilə bağlı öz baxışlarını, müşahidələrini diqqətə çatdırdı. Xüsusən də aləmin daimi hərəkəti, maddi dünyadakı fiziki proseslər, hərəkətin və dəyişikliklərin qanunauyğunluqları, maddi olan hər şeyin hərəkət etməklə azad hala çatmaq üçün mübarizə aparması, sərbəst olmaq istəyi, əbədi dövranın gedişatı, zaman, məkan və hərəkətin qanunauyğunluqları, elektron informasiya və müasir biliklər sisteminin daim yenilənməsi və böyüməsi, aləmdə insanın maddi mövcudluğu və insanın ölümündən sonra baş verən proseslər, hər şeyin əbədi və sonsuz olması barədə mülahizələrini bildirdi.
Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı, xüsusən də insanın maddi varlıq kimi mövcudluğu və ölümündən sonrakı proseslər geniş diskussiyalara səbəb oldu.
Akademik Hatəm Quliyev tədbirdən sonra “economics.com.az” saytına görüşlə bağlı təəssüratlarını bölüşüb: “İqtisadiyyat İnstitutunda çox yaxşı gənc kollektiv var. İnstitutun direktoru, professor Nazim Müzəffərliyə də böyük təşəkkür düşür ki, gənclərlə bağlı maraqlı ideyaları reallıqda həyata keçirir. Yəni çox əhəmiyyətlidir ki, kreativ düşüncəli gənclər burada bir araya gəlib, qeyri-standart təlim metodlarından istifadə olunur. Bu gün də gənclərlə çox maraqlı müzakirələr aparıldı, verilən suallar da xoş təəssürat yaratdı. Şadam ki, gənc iqtisadçılarla fəlsəfi mövzuda elmi diskussiyamız baş tutdu.” (economics.com.az).
Akademik Hatəm Quliyevin məruzəsi ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz