Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” mövzusunda elmi seminar keçirilib

  • Oxunub 727 dəfə

 Yanvarın 18-də AMEA İqtisadiyyat İnstitutunda ilk onlayn elmi seminar keçirilmişdir.

  Öncə 20 Yanvar şəhidlərinin böyük ehtiramla yad olunduğu seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli xalqımızın müstəqillik və azadlıq uğunda mübarizəsi, o dövrün xalq hərakatı və şəhid olmuş insanlar haqqında danışıb. Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixnin ən şanlı səhifələrindən biridir, 20 Yanvar şəhidləri xalqın qəhrəmanlarıdır, çünki onlar şüurlu surətdə azadlıq mübarizəsinə qoşulmuşdular. Biz hər zaman bu şanlı tariximizi iftixarla yad etməliyik... 

 Sonra İnstitutun Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” adlı məruzə ilə çıxış etdi. Məruzə “Şəbəkə hazırlığı indeksi” üzrə beynəlxalq müqayisəli reytinqdə Azərbaycanın mövqeyi­nin təhlilinə və yaxşılaşdırılması istiqamətlərinə həsr olunmuşdu. Qeyd edildi ki, elektron xidmətlərin inkişafı ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) mövcudluğundan, onların əlçatarlığından əhəmiyyətli dərəcədə asılıdır. Texnologiyaların əlçatarlığı daha çox insana İKT-dən istifadə etmək imkan yaradır. Deməli, elektron xidmətlərin inkişafını şərtləndirən əsas amillərdən biri, bəlkə də ən mühümü informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsidir.

 İKT-nin inkişaf səviyyəsini əks etdirmək üçün müxtəlif beynəlxalq təşkilatlar çeşidli indekslər işləyib hazırlayırlar. Onlardan biri olan Şəbəkə hazırlığı indeksi – ŞHİ (Network Readiness Index) hər biri cəmiyyətin digər ölkələrlə müqayisədə İKT ilə əhatə dərəcəsini müəyyən etməyə imkan verir. ŞHİ 2019-cu ilə kimi Dünya İqtisadi Forumu tərəfindən hesablanırdı. 2019-cu ildən etibarən isə indeksin hesablanması “Portulans” İnstitutu və İnformasiya Texnologiyaları və Xidmətləri üzrə Dünya Alyansı (WITSA) tərəfindən 121 ölkə üzrə yerinə yetirilir. Azərbaycan bu reytinqdə 70-ci yerdədir. Əsas ideya bundan ibarətdir ki, bizim gələcəyimiz insanların və texnologiyaların inteqrasiyasını, onların vəhdətini tələb edəcəkdir. Bu, cəmiyyət və biznes üçün xüsusi önəm daşıyır. Bu inteqrasiyanın səmərəliliyini təmin etmək üçün isə müvafiq idarəetmə mexanizmləri olmalıdır ki, onlar inamı, təhükəsizliyi və inklüzivliyi təmin edə bilsinlər. Bu zaman əsas məqsəd - dayanıqlı inkişafa nail olmaq üçün texnologiyaların iqtisadiyyata, həyat keyfiyyətinə müsbət təsirini təmin etməkdir. Bu baxımdan da şəbəkə hazırlığı indeksi hesabatının təhlili açıq şəkildə göstərir ki, onun hesablanmasında istifadə olunan əksər sub-indekslərin, alt-indekslərin göstəricilərinin yaxşılaşdırılması hər bir ölkə üçün son dərəcə aktualdır. Sıralamada yüksək yerlər tutan dövlətlər digər ölkələrlə müqayisədə böyük üstünlüklər əldə etmiş olurlar.

 Tədqiqatçı hesab edir ki, ŞHİ-nin bir sıra sub-indeksləri üzrə reytinqdə Azərbaycanın yaxın illərdə irəliləyəcəyini proqnozlaşdırmaq mümkündür. Şəbəkə hazırlığı indeksinin yüksəlməsi ümumi iqtisadi inkişafa (xüsusilə bunun meyarı qismində adambaşına ÜDM-dən istifadə olunursa) ciddi töhfə verir. Lakin İndeksin artırılması müasir iqtisadi inkişafın zəruri şərti olsa da, kafi şərti deyil. Ölkələrin iqtisadi inkişaf səviyyəsinə bir sıra digər amillər də təsir edir. Şəbəkə hazırlığı səviyyəsinin yüksəldilməsi ticarətin həcminə, o cümlədən xidmətlər üzrə ticarətin, ən çox da ixracın həcminə müsbət təsir edir. Bunu ŞHİ-nin informasiya və turizm xidmətləri ixracına təsirinin təhlili də sübut edir. Bu, İndeksin spesifikliyi ilə bağlı ola bilər. Məsələ burasındadır ki, şəbəkə hazırlığı səviyyəsinin yüksəldilməsi, ilk növbədə, məhz xidmətlərin həcmini artıran amillər sırasındadır.

 Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır (economics.com.az).

 Məruzəçinin təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq mümkündür.