"Postneft iqtisadiyyatı və Azərbaycanın bank sektoru"
- Oxunub 1595 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin təqdimatı
AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin "Postneft iqtisadiyyatı və Azərbaycanın bank sektoru" mövzusunda çıxışı dinlənildi.
C.Abdullayev hazırda bank sektorundakı mövcud vəziyyəti təhlil etməklə yanaşı əsas problemlər və inkişaf meyillərindən danışdı. O, bank sektorunda baş verənləri milli valyuta və bank sektoruna inamın azalması, kapital axını, kreditlərin qaytarılmasındakı problemlər və mövcud kredit portfelinin pisləşməsi, yeni borcalan bazarının kəskin daralması və təlabatın aşağı düşməsi, likvidliyin getdikcə pisləşməsi, qeyri-müəyyənlik və s. kimi xarakterizə etdi. Bununla yanaşı, bank sektorunda xərclərin optimallaşdırılmasına başlanması, kiçik və orta biznesin maliyyələşməsinə diqqətin artması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, müştəri xidmətlərinin keyfiyyətinə diqqət, elektron xidmətlərin artması kimi müsbət meyillər də qeyd olundu.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru bank sektoruna dəstək üzrə dövlət proqramının qəbul olunmasını, milli valyutanın məzənnəsinin koridor mexanizminə keçilməsini, bankların birləşməsi prosesinin stimullaşdırılmasını, ipoteka kreditləşməsinin artırılmasını, məhkəmə qərarlarının icrasının sürətləndirilməsini, gəlir vergisinin azaldılmasını, kapital investisiyalarına ƏDV tədbiq olunmasına tətil elan olunmasını, bütün əmanətlərin sıgortalanmasını, sənaye məhəllələrinin yaradılmasının sürətləndirilməsini və s. təklif edir.
Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də bank sektorunda baş verən son proseslər, manatın devalvasiyası və gözləntilər, dövriyyədəki pul kütləsinin artıb azalması, qeyri-rəsmi dövriyyə, tədiyyə balansı, bank sektorundakı daxili problemlər, bank xidmətlərinin keyfiyyəti, hökumətin bank-maliyyə siyasəti maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).