"2015-ci ilin iqtisadi yekunları və yeni vəzifələr"
- Oxunub 1370 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda prof. Şahin Sadıqovun məruzəsi dinlənilib
Dekabrın 16-da AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İqtisadiyyat şöbəsi”nin müdiri, i.e.d., prof. Şahin Sadıqovun "2015-ci ilin iqtisadi yekunları və yeni vəzifələr" mövzusunda çıxışı dinlənildi.
Prof. Ş.Sadıqov Azərbaycanda 2015-ci ilin iqtisadi yekunları və 2016-cı ilin proqnozları, gözləntiləri, dünya iqtisadiyyatında gedən proseslər barədə danışdı. Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafının yüksək göstəricilərlə xarakterizə olunduğunu qeyd etdi. Bildirildi ki, son 11 ildə (2003-2014-cü illərdə) sosial-iqtisadi sferada çox yüksək iqtisadi nailiyyətlər əldə edilmişdir. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun 2015-2016-cı illər üzrə ölkəmizlə bağlı proqnozları nikbindir. Dünyanın aparıcı reytinq təşkilatlarının cədvəllərində Azərbaycan sabit reytinqlərə sahibdir.
Bunlarla yanaşı, Ş.Sadıqov hökumətin iqtisadi siyasəti, ÜDM-in artımı, iqtisadiyyatın diversifikasiyası, neft sektoru və qeyri-neft sektorunda baş verən iqtisadi proseslər, ixrac yönümlü məhsul istehsalının artırılması, investisiyalar, əhalinin gəlirləri, dövlət büdcəsinin icrası və s. barədə məlumat verdi. Habelə məruzəçi ona ünvanlanmış sualları cavablandırdı.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də ölkəmizdə 2016-cı ildə hökumətin qeyri-neft sektorunda və maliyyə sahəsində həyata keçirəcəyi siyasət, kənd təsərrüfatı məhsullarının satışı və ixracı problemləri, əsas nəqliyyat siyasəti, iqtisadiyyatda müqayisəli üstün sahələr, inflyasiya, işsizlik və məşğulluq, neft gəlirlərindən istifadə, rəqabət mühitinin formalaşması və inhisarçılıqla bağlı problemlər, əhalinin həyat səviyyəsi, AMEA-da əmək haqlarının aşağı olması və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).
Prof. Ş.Sadıqovun məruzəsi ilə daha yaxından aşağıdakı faylı yükləməklə tanış olmaq olar