“2017-ci ilin qlobal riskləri: fəlsəfi baxış”
- Oxunub 1861 dəfə
“Kreativ iqtisadiyyat” Diskussiya Klubunda fəlsəfə elmləri doktoru Füzuli Qurbanov məruzə ilə çıxış edib
Fevralın 24-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun toplantısı keçirildi. Tədbirdə AMEA Fəlsəfə İnstitutunun “İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “2017-ci ilin qlobal riskləri: fəlsəfi baxış” mövzusunda məruzə ilə çıxış etdi. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra F.Qurbanov dünyanın tanınmış beyin mərkəzlərinin (“Stratfor”un, Bzejinskinin proqnozları, “Davos riskləri” və s.) tədqiqatları, hesabatları əsasında hazırladığı çıxışında müasir dünyada baş verən qlobal içtimai-siyasi, sosial-iqtisadi proseslərə nəzər saldı, 2017-ci ilin əsas gözləntiləri barədə danışdı. Xüsusən də Qərbdə, Rusiyada, Yaxın Şərqdə, Asiya ölkələrində, habelə Qafqazda baş verən proseslər, münaqişələr, bu proseslərin ölkəmizə təsiri geniş analiz olundu.
Təhlillərə görə, bu il dünyada böyük dövlətlər arasında nüfuz savaşının daha da güclənəcəyi, soyuq müharibənin kəskinləşəcəyi gözlənilir. Dünyanın gələcək inkişaf mərkəzləri Çin, Hindistan, Rusiya, Braziliya, Türkiyə ola, dünyada post-Qərb dövrü başlaya bilər. Yekdil mövqe olmasa da əksəriyyət Çin, Hindistan və İslam sivilizasiyasının daha şanslı olduğu qənaətindədir. Bununla belə, regional hərbi münaqişələrin, dini, məzhəb savaşlarının davam etməsi əsas narahatlıq doğuran faktor kimi qalır. Rus ekspertlər 2017-ci ildə də Dağlıq Qarabağ kimi regional münaqişələrin həllini deyil, əksinə bir qədər də gərginliyin atracağını proqnozlaşdırırlar.
Füzuli Qurbanovun qənaətincə, 2017-ci ildə qlobal sistemin ən kiçik fluktuasiyalara belə həssas olan bir fazaya keçməsi gözlənilir. Bütövlükdə dünya sisteminin xaosla nizamlılıq sərhədində tərəddüd edəcəyini demək olar. Bunun fonunda hansısa böyük kataklizmin meydana çıxması ehtimalı yüksək deyil. ABŞ-ın 2017-ci ildə daha sərt davranacağı gözlənilir. Bunun fonunda Çin “ağıllı güc” yanaşmasına üstünlük verərək qlobal əməkdaşlıqda təşəbbüsü ələ ala bilər. Bu kontekstdə 2017-ci ili yeni qlobal liderliyə keçid ili hesab etmək olar. Digər böyük güclər arasında rəqabətin yüksəlməsi fonunda dialoq imkanlarının çoxalacağını demək çətindir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də dünyanın gələcək siyasi, iqtisadi inkişaf perspektivləri, hansı ölkələrin, millətlərin daha çox önə çıxmaq imkanlarının olması və s. kimi aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu. F.Qurbanovun qənaətincə, hansı ölkələr bilik istehsal edən modelə keçə bilsələr, intellektin milli sərvətə çevrilməsinə nail olsalar onların gələcəyi daha perspektivlidir.
“Diskusiya Klubunun” formatına uyğun olaraq məruzəçiyə suallar verildi. Professorlar Nazim Müzəffərli, Tofiq Hüseynov, elmi işçilər Rüfət Efendiyev, İlkin Sultanlı, Emin Məmmədzadə, Tanrıverdi Paşa, Aqil Əsədov və digərlərinin suallarına cavablar diskussiya iştirakçıları tərəfindən maraqla dinlənildi. AMEA-nın müxbir üzvü Şahbaz Muradov və prof. Nazim Müzəffərli mövzu və məruzəçinin çıxışının məzmunu ilə bağlı öz fikirlərini bölüşdülər.
Sonda f.e.d. Füzuli Qurbanov iqtisadçılarla bu görüşündən, aparılan müzakirələrdən çox razı qaldığını vurguladı, AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubu kimi müasir elmi müzakirə meydaçasının fəaliyyətini yüksək qiymətləndirdi, İnstitutda peşəkarcasına formalaşdırılmış şəffaf elmi mühit gördüyünü xüsusilə qeyd etdi. Bütün bunalara görə İnstitutun rəhbərliyinə öz təşəkkürünü bildirdi (economics.com.az).
F.e.d. Füzuli Qurbanovun məruzəsi ilə aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz
Fotoqalereya (yüklə)