Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda koronavirus pandemiyasının dəniz nəqliyyatına təsirlərinə həsr olunmuş elmi seminar keçirilib

  • Oxunub 713 dəfə

  Fevralın 22-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barədə məlumat verib, məruzəçini təqdim edib.

  Seminarda İnstitutun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun "Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsirinin qiymətləndirilməsi" adlı məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, dəniz nəqliyyatı dünyanın istənilən regionunda yaranan iqtisadi-siyasi dəyişikliklərə daha tez cavab verərək, sifarişçiyə xidmət fünksiyaları göstərməklə dəniz ticarətinin artımına səbəb olan aparıcı sahələrdən biridir. Burada beynəlxalq ticarətdə qlobal liman əməliyyatlarının əsasını təşkil edən dəniz nəqliyyatı beynəlxalq əlaqələrin və dünya ticarətinin fiziki həcminin 80%-ni, dəyər ifadəsində isə 70%-ni təşkil edərək, dünya ticarətinin inkişaf səviyyəsinə daha çox təsir edən sahələrdən biri kimi pandemiyadan ən çox ziyan çəkmiş sahələrdəndir. Pandemiya ilə əlaqədar olaraq uzun müddət gəmi heyətinin dəyişdirilməməsi və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq dənizçilərin sertifikatlaşdırılması, zərərli qazların dəniz suyu ilə təmizlənməsi üçün tələb olunan qurğuların dünyanın əksər ölkələrinin gəmilərində quraşdırılmasının başa çatdırılmaması ilə bağlı problemlər dəniz nəqliyyatının fəaliyyətində məhdudiyyətlər yaradıb. Koronavirus (COVID-19) pandemiyası dünya əmtəə ticarətinə və dəniz ticarətinə mənfi təsir göstərmişdir.

 T.Yadigarov tərəfindən Azərbaycan üzrə vahid nəqliyyat sisteminə daxil olan bütün nəqliyyat növləri üzrə yükdaşımaların dinamikası 2010-2020-ci illər üzrə statistik mənbələr əsaında tərtib edilərk təhlil edilmişdir. Burada COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycanda ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalması hesabına ölkə üzrə iqtisadi artıma təsiri Eviews-10 proqram paketində qiymətləndirilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, vahid nəqliyyat sistemi üzrə pandemiya hesabına dəymiş ziyan ən çox avtomobil nəqliyyatında müşahidə edilib. Dəniz nəqliyyatı və hava nəqliyyatı üzrə yükdaşımalar isə 2020-ci ilin 2-ci yarısından başlayaraq artdığından, digər sahələr istisna olmaqla həmin sahələrdə yükdaşımaların həcmində 2020-ci il üzrə artım müşahidə olunub.

 Tədqiqatçı Azərbaycanda ən böyük gəmiçilik şirkəti olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması və ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının maliyyə-təsərrefat fəaliyyəti, həmçinin dəniz nəqliyyatı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların mövcud vəziyyətini geniş təhlil edib. Habelə nəqliyyatın rəqabətqabiliyyətlilik indeksi üzrə metodoloji izah verilərək, logistikanın Səmərəlilik İndeksi, beynəlxalq daşımaçılıq indeksi və limanların beynəlxalq rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycanın mövqeyi təhlil edilərək, pandemiyanın bu indeksə təsiri proqram paketində qiymətləndirilmişdir.

 Məruzəçi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının beynəlxalq sularda istismar edilən 14 ədəd gəmisinin istismarı ilə bağlı məsələlər, respublikamızın gəmilərinin beynəlxalq sulara çıxışının yalnız Volqa-Don kanalı vasitəsilə mümkün olması və bu kanalın məhdudiyyətləri, beynəlxalq sularda yükdaşımalardan yüksək gəlir əldə edilməsi məqsədi ilə beynəlxalq yükdaşımalarda gəmiçiliyin üstün və zəif cəhətləri barədə danışıb, Azərbaycanın dəniz nəqliyyatının inkişafı ilə bağlı təkliflərini səsləndirib.

Sonra məruzəci sualları cavablandırmış, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılmışdır (economics.com.az).

Məruzəçinin təqdimatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar