AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçirilir
- Oxunub 1016 dəfə
İyunun 21-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda elmi vəzifələrin tutulması üçün elan olunmuş müsabiqənin keçirilməsinə start verildi. Elmi Şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova da iştirak edirdi.
AMEA-da ilk dəfə yeni qaydalar əsasında müsabiqə keçirildiyini bildirən prof. N.Müzəffərli müsabiqənin təşkilinin hüquqi əsasları, qaydalar barəsində danışdı. Qeyd olundu ki, İqtisadiyyat İnstitutunda direktroun əmri əsasında elmi vəzifələrin tutulması üçün yaradılmış müvafiq Müsabiqə Komissiyası daxil olan bütün sənədlərə baxıb və müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçıların siyahısını müəyyənləşdirib. Bununla yanaşı, iddiaçılarla bağlı əsas və son qərar Elmi Şurada gizli səsvermə yolu ilə qəbul olunur.
Sonra İnstitutun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı, namizədlərə suallar ünvanlandı və onların da fikirləri dinlənildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, prof. Gülşən Yüzbaşiyeva şöbə müdiri, Ağa-Kərim Hacıyev baş elmi işçi, Mirzəbəyova Jalə, Fətəliyeva Aygün, Şirinova Rəsmiyyə böyük elmi işçi, Qurbanov Tariyel, İbrahimov Şahraz, Səməndərov Seyfəddin və Mustafayev Asif aparıcı elmi işçi, Abbasova Vüsalə elmi işçi vəzifəsinə seçildilər.
Günün ikinci yarısında Elmi Şurada “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsi üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi. Müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı. Şöbə müdiri vəzifəsini icra edən, i.f.d. Aqil Əsədov öz ərizəsi ilə müsabiqədə iştirak etməkdən imtina etdi. Sonra digər namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, Abdullayev Kamran aparıcı elmi işçi, Ağayarova Akifə və Məmmədova Ülkər elmi işçi vəzifəsinə seçildilər. Daha 5 iddiaçı isə Elmi Şurada müvafiq sayda səs toplaya bilmədikləri üçün iddia etdikləri vəzifələrə seçilmədilər (economics.com.az).
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi qaydaları (yüklə)
İqtisadiyyat İnsitutunda elmi vəzifələrin tutulmasi üçün müsabiqə keçirilməsi barəsində əmr (yüklə)
Elmi vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi qrafiki (yüklə)