AMEA İqtisadiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirildi
- Oxunub 1194 dəfə
Tanrıverdi Paşa açıq səsvermə yolu ilə yenidən Həmkarlar Təşkilatının sədri seçildi
Professor Nazim Müzəffərli: "İlk dəfə İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı öz gəlir və xərclərini açıqlayaraq ictimailəşdirib ki, bu da şəffaflıqdı, düzlükdü"
Mayın 22-də AMEA İqtisadiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının 5 illik fəaliyyətinə dair (2012-2016-cı illər) hesabat-seçki yığıncağı keçirildi. İlk öncə yığıncağa sədr professor Tofiq Hüseynov, katib isə i.f.d. Sevda Seyidova seçildilər.
Əməkdaşların böyük əksəriyyətinin iştirakı ilə keçirilən tədbirin gündəliyi təsdiq olunduqdan sonra İnstitutun Azad Həmkarlar Təşkilatının (HT) sədri Tanrıverdi Paşa HT-nin 5 illik fəaliyyətinə dair geniş hesabat verdi. Bildirdi ki, hazırda İnstitutda 185 əməkdaş, o cümlədən 172 nəfər daimi işçi və 10 nəfər əyani doktorant var. İnstitut əməkdaşlarının 106 nəfəri (57,6%-i) qadın, 78 nəfəri (42,4%-i) kişidir. Əməkdaşların 3 nəfəri AMEA-nın müxbir üzvü, 16 nəfəri elmlər doktoru, 55 nəfəri fəlsəfə doktoru elmi dərəcələrinə malikdir. Bütövlükdə, institutda çalışanların 119 nəfəri və ya 64,3%-i elmi əməkdaş, 66 nəfəri və ya 35,7%-i bilavasitə inzibati-texniki işçilərdən ibarətdir.
Tanrıverdi Paşa Həmkarlar Təşkilatının son 5 ildə gördüyü işlər, fəaliyyətinin nəticələri və xərclənmiş vəsaitlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, HT Komitəsinin iclaslarında onun səlahiyyətlərinə aid müxtəlif məsələlər – kollektiv kütləvi-mədəni tədbirlər, işçilərin səyahət və istirahəti, idman və profilaktik tibbi müayinə və müalicəsi, maddi yardımlar, əməkdaşların müalicəsinə və sanatoriyaya putyovkanın dəyərinin ödənilməsi, əməkdaşların yubileylərinin qeyd edilməsi, müdafiə edənlərin mükafatlandırılması, gənclərin ailə qurması, əməkdaşların təqaüdə çıxması, ailəsində yas mərasimi və s. əlaqədar qərarlar çıxarılıb, müvafiq tədbirlər görülüb və maddi yardımlar göstərilib.
Sonra HT-nın nəzarət-təftiş komissiyasının sədri, i.f.d. Emin Məmmədzadə HT-nın maliyyə fəaliyyəti barədə hesabat verdi. Hər iki hesabat təsdiq olundu.
Hesabatlar və Hİ təşkilatının fəaliyyəti ətrafında geniş müzakirələr aparıldı. Professor Şahbaz Muradov, i.f.d. Cəlil Quliyev, i.f.d. Ələsgər Sarıyev, i.e.d. Ağadadaş Qafarov HT-nın fəaliyyəti ilə bağlı çıxış etdilər, öz mülahizələrini bildirdilər, irad və təkliflərini səsləndirdilər. Professor Nazim Müzəffərli AMEA sistemində ilk dəfə İqtisadiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının öz gəlir və xərclərini açıqlayaraq İnstitutun İnternet saytında yerləşdirməklə içtimailəşdirdiyini bildirdi və bunu şəffaflıq, düzlük amili kimi qiymətləndirdi. O, bu müsbət təcrübənin AMEA-nın digər həmkarlar təşkilatları üçün də şəffaflığın təmin olunması baxımından faydalı ola biləcəyini vurğuladı.
Sonra İnstitut Həmkarlar Təşkilatının sədri vəzifəsinə və HT Komitəsinə üzvlüyə seçki keçirildi. Tanrıverdi Paşa açıq səsvermə yolu ilə yenidən HT-nın sədri seçildi. Habelə irəli sürülmüş namizədlər arasından Mahir Zeynalov, Rüfət Efendiyev, Kərim Piriyev, Emin Məmmədzadə, Ələsgər Sarıyev, Rəmzi Abdullayev, Vüqar Bayramov, Bəxtinaz Danyalova, Ülkər Məmmədova, Asif Mustafayev HT Komitəsinin üzvləri seçildilər (economics.com.az).
İnstitutun Azad Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşanın hesabatı ilə aşağıdakı faylı yükləməklə tanış olmaq olar