Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ağdamda “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 16 sentyabr 2021-ci il tarixində Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “QARABAĞDA YENİ İQTISADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKIŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində “QARABAĞDA YENİ İQTISADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKIŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir. Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaqdır.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcəkdir. Məqalə və tezislər yalnız elektron formada, Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə və tezislər aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

- Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm);
- Məqalənin həcmi 15 000-20 000, tezislərin həcmi 2 000-2 500 işarə arasında olmalıdır;
- Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin)
soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə; müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə,11 şriftlə, məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 sriftlə yığılmalıdır.

Məqalə mətnlərində aşağıdakı bölmələrin olması şərtdir:

- Problemin qoyuluşu (yaxud Giriş);
- Təhlil və qiymətləndirmə;
- Nəticə və təkliflər.

Məqalələr 10 sentyabr 2021-ci ildən gec olmayaraq elektron formada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir. Göstərilən tarixə qədər göndərilməyən və Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən məqalə və tezislər qəbul edilməyəcəkdir.

Əlaqə üçün: +99451 7602414 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)

Təşkilat komitəsi

AMEA İqtisadiyyat İnstitutunda Qarabağın iqtisadiyyatı ilə bağlı dissertasiyalar yazılacaq

 Aprelin 22-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının onlayn rejimdə “Zoom” proqramı ilə növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan onlayn tədbirdə bir sıra məsələlər, o cümlədən 2020-2021-ci tədris ilində qəbul olmuş doktorant və dissetrtantların dissertasiya işlərinin mövzuları müzakirə olunmuşdur.

İqtisadiyyat İnstitutu ilə ÜST-ün Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

 Aprelin 8-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva, Ümüumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı və ÜST-nin “Köməkçi tехnоlоgiуаlаr sеktorunun gücləndirilməsi"  lауihəsinin koordinatoru, tibb elmləri doktoru, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti Vüqar Məmmədovun iştirakı ilə onlayn görüş keçirilmişdir.  

Görüşdə Azərbaycanın səhiyyə sisteminin mövcud vəziyyəti, səhiyyənin iqtisadiyyatı, icbari tibbi sığorta, dövlət səhiyyə xərclərinin istifadəsinin səmərəliliyinin artırılması məsələləri, habelə AMEA İqtisadiyyat İnstitutu ilə Ümüumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur (economics.com.az).

 

AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanda həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılıb

    Fevralın 27-də AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı tədqiqatların təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin və müxtəlif sahələrin inkişafında AMEA-nın müxtəlif institutlarında aparılan elmi tədqiqat işlərindən, həyata keçirilən layihələrdən söz açıb. Bildirilib ki, müxtəlif sahələr üzrə aparılan tədqiqatların əksəriyyəti ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, regionların iqtisadi inkişafına xidmət edir. Bu baxımdan AMEA İqtisadiyyat İnstitutunda bu gün təqdim olunan uğurlu fundamental tədqiqatlarla yanaşı, tədbiqi xarakterli tədqiqatlar da aparılır. AkademikAMEA İqtisadiyyat İnstitutunun elmi tədqiqatlarını yüksək qiymətləndirməklə, onların Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından mühüm və əhəmiyyətli olduğunu qeyd edib. Xüsusən də İnstitutun hökumət qurumları ilə işgüzar əlaqələrinin, faydalı əməkdaşlığının qurulduğunu vurğulayıb.

    Sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı təqdimatla çıxış edib. Məruzədə Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələri təqdim olunmuşdur. Qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Araşdırma ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.

 P.Həsənov bildirib ki, Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılmış 36 gös-tərici əsasında tərtib edilmişdir. Həmin sub-indekslərə Maddi rifah sub-indeksi (MR), Sağlamlıq sub-indeksi (SL), Təhsil sub-indeksi (TS), Təhlükəsizlik sub-indeksi (THL), Ailə möhkəmliyi sub-indeksi (AM), Ekologiya sub-indeksi (EKO), Asudə vaxt imkanları sub-indeksi (AVİ) daxildir. Dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu göstəricilərdən istifadə edir və yaradıcı heyət bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır.

 Həyat keyfiyyətinin inteqral göstəricisi olan Həyat keyfiyyəti indeksi (HKİ) respublika tabeli şəhərlər və inzibati rayonlar üzrə 2,53-3,62 aralığında dəyişir. İn-deksin orta qiyməti 2,93 (bu qiymətlə İsmayıllı rayonu və Naftalan şəhəri 21-22-ci yerləri bölüşür), medianı 2,90-dır (bu qiymətlə Xızı, Kürdəmir, Salyan və Şəki rayonları 30-33-cü yerləri bölüşür). Şəhər və rayonlar orta qiymət ətrafında qeyri-bərabər paylanır: 20 şəhər və rayon orta qiymətdən yüksək, 39-u isə aşağı qiymət almışdır.

 Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə ya lider olan, ya da qabaqcıl mövqedə dayanan Naxçıvan şəhəri tutur. Şəhər 3 sub-indeks üzrə (Sağlamlıq, Təhsil və Ekologiya) 1-ci, Maddi rifah sub-indeksi üzrə 3-cü, 2 sub-indeks üzrə (Təhlükəsizlik və Asudə vaxt imkanları) 5-cidir. Onun yeganə zəif mövqeyi Ailə möhkəmliyi sub-indeksi üzrədir (53-cü yer).

 Muxtar Respublikanın digər 6 rayonu (Ordubad, Sədərək, Babək, Şərur, Şahbuz və Kəngərli) 2-7-ci yerlərdədir. Culfa rayonu isə Qax rayonu ilə eyni İndeks qiyməti ilə (3,14) 8-9-cu yerləri bölüşür. İlk onluqdakı axırıncı yerdə Qəbələ rayonu qərarlaşmışdır. Ordubad rayonu bütün sub-indekslər üzrə ilk onluğa daxildir: Sağlamlığa görə 2-ci, Təhlükəsizliyə və Asudə vaxt imkanlarına görə 3-cü, Təhsilə və Ekologiyaya görə 7-ci, Maddi rifaha və Ailə möhkəmliyinə görə 8-ci yerlərdədir.

 Azərbaycanın respublika tabeli şəhərləri və inzibati rayonları arasında həyat keyfiyyəti üzrə axırıncı 10 yeri sonuncu yerdəki Astara rayonu, onu kiçik fərqlə qabaqlayan Gəncə şəhəri, 58-59-cu yerləri bölüşən Biləsuvar və Yevlax rayonları, 57-ci yerdə qərarlaşmış Masallı rayonu, 55-56-cı yerləri paylaşan Ağsu və Balakən rayonları, 53-54-cü yerləri bölüşən Daşkəsən və Şabran rayonları və 52-ci yerin sa-hibi Xaçmaz rayonu tutur.

  Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər. 

    Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d. Vüsal Qasımlı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, - i.e.d., professor Vahid Novruzov, Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov, millət vəkili Əli Məsimov, AMEA-nın müxbir üzvü, prof. Qorxmaz İmanov, dos. Mayis Gülalıyev, dos. Cəlil Quliyev və AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli çıxış ediblər. AMEA İqtisadiyyat İnstitutunun apardığı təqdim olunan yeni tədqiqat işini mühüm elmi mənbə kimi samballı, dəyərli, dövlət əhəmiyyətli əsər kimi qiymətləndiriblər, bu sahədə gələcək fundamental tədqiqatlarla bağlı öz fikirlərini bölüşüblər.  

    Tədqiqatın nəticələri “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı kitab şəklində nəşr olunub (economics.com.az).

Fotoqalereya (yüklə)

 

“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kutabının təqdimatı keçirilib

 Dekabrın 9-da AMEA İqtisadiyyat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibəti ilə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, prof. Şahbaz Muradovun Ulu öndərin əziz xatirəsinə və onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə birinci gəlişinin 50 illiyinə həsr edilmiş: “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər. Bakı-2019. 594 səh.)” kitabının təqdimat mərasimi keçirilib.

 AMEA əməkdaşlarının, ölkəmizin tanınmış alimlərinin, ali məktəblərin müəllimlərinin, bir neçə millət vəkilinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli açıb. Bildirib ki,oxuculara təqdim olunan prof. Şahbaz Muradovun Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilən kitabında Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn həmin dövrün (1969-2019-cu illər) sosial-iqtisadi nəticələri təhlil olunub.  

 AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsinə həsr edilmiş dəyərli tədqiqat əsəri” mövzusunda əsas məruzə ilə çıxış edib. AMEA-nın vitse-prezidenti Ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi Azərbaycanın dövlətçilik tarixindəki rolundan, müstəqil Azərbaycanın memarı kimi gördüyü işlərdən danışıb. Bu baxımdan “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər. Bakı-2019. 594 səh.)” kitabını dəyərli və mühüm əhəmiyyəti olan tədqiqat əsəri kimi yüksək qiymətləndirib. Qeyd edib ki, kitabda dahi şəxsiyyətin həyat yolu, tükənməz əməyi, Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin uğurlu nəticələri yer alıb. Əsərdə prof. Şahbaz Muradovun Ulu öndər Heydər Əliyevin fəaliyyətinə yüksək alim qiyməti, onun siyasətinə dərin inam və ehtiram öz əksini tapıb. Kitab reallıqları faktlar və rəqəmlər əsasında özündə əks etdirir. Həm iqtisadi, həm də siyasi baxımdan çox qiymətli mənbə hesab oluna biləcək əsərdə müəllif həm də Azərbaycan iqtisad elminin inkişaf istiqamətlərini göstərmişdir. 

  Sonra AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru (i.e.d.), professor Tofiq Hüseynov “Uğurlu sosial-iqtisadi siyasətin qələbəsi”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgəli “Ulu öndər Heydər Əliyevin elm strategiyası”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Tərbiz Əliyev “İqtisadçı alimin ictimai mövqeyini əks etdirən kitab”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., prof. Rəna Sultanova “Heydər Əliyev və məşğulluq strategiyası” mövzularında məruzə ilə çıxış ediblər.

 Akademik Ziyad Səmədzadə, professor Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kitabını Azərbaycan iqtisad elminə sanballı tədqiqat əsəri olaraq mühüm töhfə kimi qiymətləndiriblər. 

 Məruzəçilər bildiriblər ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982-ci illər) ölkə iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci dövr (1993-2003-cü illər) Azərbaycanın "ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluş dövrü kimi tarixin yaddaşına həkk olunub. Heydər Əliyev hər iki halda Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən cıxara bilib. Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri – bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.

 Kitabda müəllifin müxtəlif zamanlarda rəsmi və müstəqil mətbuatda dərc edilən "Türk dünyasının müdrük ağsaqqalı”, "Müstəqilliyimiz və milli mənəviyyatımızın qarantı”, "Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat”, "Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi”, "Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi”, "Heydər Əliyev müstəqilliyimizin banisi və Azərbaycan xalqının əbədiyaşay lideridir” və s. digər müxtəlif sərlövhəli yazıları da çap edilib.

  Qeyd olunub ki, prof. Şahbaz Muradovun həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrin mətbu orqanlarında Ulu Öndərin şəxsiyyəti, apardığı yeganə düzgün siyasət və quruculuq işləri ilə bağlı monoqrafiya, kitab və məqalələri çap olunub və geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb. Müəllifin "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” adlı kitabında isə Ulu Öndərin siyasi hakimiyyətinin müxtəlif illərində gördüyü əzəmətli işlər, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyəti geniş əks olunub.

 Sonda kitabın müəllifi professor Ş.Muradov tədbirin təşkilaçılarına və məruzəçılərə öz təşəkkürünü bildirib (economics.com.az).

Bu RSS bəslənməsinə yazıl